9 ayın nəticələri - Sığorta ehtiyatları 109,4 milyon oldu

3 Noyabr 2015 11:21 (UTC+04:00)


Bu barədə AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlunun sözlərinə görə, hazırda üzv banklar tərəfindən 7 milyon 304 min 127 əmanətçiyə xidmət göstərilir: "Onların da 91 faizi qorunan əmanətdir. Qorunan əmanətçilərin 99,6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Qorunan əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür. Öhdəlikləri getdikcə artan ƏSF-nin hazırkı şəraitdəki çağırışlara cavab verməsi üçün riskləri qarşılaya biləcək sığorta ehtiyatlarının formalaşması çox vacibdir. Çünki, yalnız son hesabat dövründə ölkədə qorunan əmanətlərin 2 milyard manatdan çox artdığı halda, həmin dövrdə ƏSF-nin sığorta ehtiyatları 17 milyon manat çoxalıb".

Q.İbadoğlu qeyd edib ki, bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, ölkə üzrə qorunan əmantlərin həcmi 5 milyad 44 milyon manata, sığorta ehtiyatlarının həcmi 109,4 milyon manata çatıb: "ƏSF-nin sərbəst vəsaitləri qorunan əmanətlərin 2,2 faizini təşkil edir. Göründüyü kimi, fondun sərbəst vəsaitləri sürətlə artan qorunan əmanətlərlə müqayisədə kiçik məbləğlə ifadə olunur. Azərbaycan dövləti və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə məsuliyyət daşımır".

Bahar RÜSTƏMLİ
AzNews.az