“Ancaq mənim əleyhimə yazılan şərhlər yerləşdirilir“

27 Oktyabr 2012 08:32 (UTC+04:00)
Deputat Fazil Mustafa ilə köşə yazarları – Şahvələd Çobanoğlu, Elnur Astanbəyli və Zamin Hacı arasındakı konflikt davam etməkdədir.

Fazil Mustafa yazarların dünənki cavab yazılarına sərt münasibətini açıqlayıb. Deputat Facebook səhifəsindən bu gün yazarlara sərt mesaj ünvanlayıb. F.Mustafanın açıqlamasını təqdim edirik:

"Dəyərli dostlar! Bu gün "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində mənim əleyhimə məlum köşə yazarlarının kampaniyaları davam etdirildi. "Yeni Müsavat" qəzeti əvvəlcə mətbuat etikasına uyğun olaraq davranacağını yazsa da, sonradan bizə qarşı tərəli mövqeyini ortaya qoydu. Hətta çox sayda insanlar mənə müraciət edirlər ki, onların verdiyi obyektiv şərhlərə yer verilmədiyi halda, ancaq mənim əleyhimə yazılan şərhlər yerləşdirilir. Antidemokratik bir mətbuat həmrəyliyi ilə üzləşdiyimdən, ləyaqətsiz insanların təhqirlərinə qarşı addımlarım davam edəcəkdir.

Hər halda 2 noyabr 2012-ci il tarixdə Milli Məclisdə məsələlərə maraqlı münasibət ortaya qoyacağam. Bu addımlar mənə əsas verdi ki, mən də əlimdə olan tribunadan daha səmərəli istifadə edim. Əvvəl-axır bu tərbiyəsiz insanların qarşısına kimsə çıxmalıdır və onları yerində oturtmalıdır. Adamlar bilməlidirlər ki, əlində olan köşələri insanlara qarşı təhqir vasitəsinə çevirə bilməzlər".

AzNews.az