Alı Alıyev sahibkarlığın inkişafı ilə bağlı görüş keçirdi - Fotolar

4 Noyabr 2015 10:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarına və sahibkarlara əlverişli şərait yaradılması məqsədilə Rayon İcra Hakimiyyətində İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti qurumların yerli nümayəndələrinin, hüquq-mühafizə orqanlarının iştirakı ilə görüş keçirilib. Görüşdə rayonda özəl sektorun inkişafı, ərazidə yeni emal və istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması məsələləri müzakirə edilib.

Müzakirələr zamanı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti qurumlara rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaların verilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının tapşırıq və göstərişlərini xatırladıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin incidilməsi, lazımsız yoxlamalar aparılmaması ilə bağlı konkret tapşırıqlar verib.

Alı Alıyev bildirib ki, ölkənin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, neçə illərdir yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti qurumların yerli nümayəndələrinin, hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq yerlərdə sahibkarlıq və ticarətlə məşğul olan şəxslərlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, vergi qanunvericiliyi, vergi ödənilməsi ilə bağlı izahat və maarifləndirmə işi aparılır.