Azərbaycan Cənubi Sudanın müstəqilliyini tanıyıb
27 Oktyabr 2012 08:42 (UTC+04:00)
Azərbaycanın BMT yanında daimi nümayəndəliyində "Azərbaycan Respublikası və Cənubi Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında" birgə rəsmi sənəd imzalanıb.
AzNews.az-ın "AzərTAc"-a istinadən verdiyi xəbərə görə, iki dövlət arasında diplomatik əlaqələrin qurulması haqqında sənədi Azərbaycan hökuməti adından daimi nümayəndə səfir Aqşin Mehdiyev, Cənubi Sudan hökuməti adından daimi nümayəndə səfir Fransis Denq imzalayıb.
Qeyd edək ki, 2011-ci ildə Sudanın cənubunda keçirilən referendumda əhali bölgənin müstəqilliyinə səs verib. Bu nəticədən narazı qalan vahid Sudanın rəhbərliyi məsələni hərbi yolla həll etmək istəsə də, uğur qazana bilməyib və dünya birliyi Cənubi Sudanın müstəqilliyini tanıyıb. Böyük neft yataqlarının yerləşdiyi cənub hissəsinin ayrılması Sudan iqtisadiyyatına böyük zərbə vurub. Aprelin 16-da Sudan parlamentinin qəbul etdiyi qətnamə ilə Cənubi Sudan "düşmən dövlət" elan olunub.
Mayın 2-də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə keçirilən ilk iclasında Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmağa, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırıblar. ABŞ tərəfindən təklif edilən və Sudan ilə Cənubi Sudan arasında sərhədboyu vəziyyəti "beynəlxalq sülh və sabitliyə ciddi təhdid" adlandıran qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən yekdilliklə qəbul edilib.
AzNews.az