Rusiyaya barmaq silkələdilər

27 Oktyabr 2012 09:10 (UTC+04:00)
Gürcüstanın yeni təyin olunmuş Xarici İşlər Naziri Maya Pandjikidce Rusiyaya, necə deyərlər, barmaq silkələyib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, xanım nazir bildirib ki, Gürcüstan əraziləri Rusiya işğalında qaldığı və orada bu ölkənin nümayəndəlikləri olduğu müddətdə, Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr qurula bilməz:

"Gürcüstan ərazilərinin 20 faizi Rusiya tərəfindən işğal olunub. Rusiya Suxumi və Çixinvalidə səfirliklər açıb. Bu situasiya davam etdiyi müddətcə Rusiya ilə diplomatik münasibətlər qurula bilməz. Ərazi bütövlüyü bütün dəyərlərdən öndədir".

Bununla belə, gürcü nazir diplomatik münasibətlərin olmamasını danışıqlar üçün maneə hesab etmədiyini deyib və əlavə edib ki, bizdən əvvəlki hökumət də danışıqları bu cür aparıb.

Qeyd edək ki, rus politoloqlar da nazirin açıqlamasını "gözlənilən addım" kimi xarakterizə ediblər. Politoloq Valeri Xomyakov bildirib ki, kimsə Gürcüstandan fərqli addım gözləyirdisə yanılıb: "Gürcüstanda heç bir hakimiyyət millətin əleyhinə gedə bilməz. Bu mümkün deyil və gözləniləndir. İndiki hakimiyyətdə Saakaşvilinin yolunu tutacaq və səbəb də aydındır".


Sadiq Musa
AzNews.az