Milyarderlər proseslərə təsir gücünə malik deyil-RƏY

27 Oktyabr 2012 09:21 (UTC+04:00)
Rusiyada bir qrup milyarderin yaratdıqları təşkilatın müzakirəsi hələ də səngimir. Azərbaycan müxalifətində də bu məsələ dartışilmaqdadır.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin AzNews.az-ın əməkdaşı
ilə söhbətində bəlli olub ki, o, tamamilə fərqli düşünür. Onun sözlərinə görə, sözügedən qurumun müxalifətə alternativ hesab olunması absurddur:
"Bu qurum istər hakimiyyətə alternativ, istərsə də siyasi müxalifətin qarşısına çıxa biləcək qüvvə deyil. Proseslərə təsir etməyə cəhd göstərə bilərlər, maliyyə vasitəsilə müəyyən siyasi partiyaların, qüvvələrin adı altında dəyişməyə cəhd də olar. Amma onların özlərinin Azərbaycandakı ictimai-siyasi prosesləri dəyişmək və dondurmaq imkanları sıfıra bərabərdir".

Partiya sədri onu da qeyd edib ki, kimlərinsə qonşu Gürcüstandakı proseslərdən həvəsə düşməsi əbəsdir:
"Kimlərsə Gürcüstandakı proseslərdən həvəslənib düşünməsin ki, Azərbaycanda da siyasi prosesləri dəyişmək olar. Azərbaycanın özünün spesifik xüsusiyyətləri var və seçicinin də, ictimai-siyasi həyatın da, hətta beynəlxalq aləmin yanaşmalarında da fərqlər mövcuddur. Azərbaycanda siyasi proseslər siyasi partiya institutu üzərində qurulub. Azərbaycanda proseslər oliqarxlar üzərində bərqərar da deyil. İctimai rəy də, beynəlxalq münasibətlər də bunun üzərində qurulmayıb. Hər şey siyasi partiyaların üzərindədir".

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə AzNews.az-a deyib ki, hələlik sözügedən təşkilatın konkret olaraq hansı işlərlə məşğul olacağı məlum deyil:
"Hələlik onların konkret olaraq hansı işləri görəcəkləri bəlli olmadığı kimi, konkret siyasi iddialar varmı, o, da bilinmir. Bütün bunlar hələlik konkret aydın deyil. İlkin təəssürat odur ki, bu, Azərbaycan hakimiyyətinin daxilində olan siyasi çəkişmələrin nəticəsində ortaya çıxmış bir qurumdur. Əgər bu qurum həqiqətən istər daxildə, istərsə də xarici ölkələrdə Azərbaycanın problemlərinin həll olunması xətti götürəcəksə, bunu yalnız alqışlamaq olar".

A.Hacılı qeyd edib ki, Azərbaycan vətəndaşlarının mənafeləri barədə düşünmək yalnız müxalifətin görəvi deyil, bütün təbəqələrin məsuliyyət məsələsidir: "Azərbaycanda olan bütün siyasi qüvvələr, o cümlədən ziyalılar, siyasi proseslərə təsir etmək imkanında olan bütün qüvvələr, imkanlı şəxslər, milli burjuaziya Azərbaycan dövlətinin, xalqının problemləri ilə məşğul olmalıdırlar. Çox istərdik ki, Moskvada yaranan yeni qurum da məhz bu missiyanı üzərinə götürsün".

Gültəkin Qəhrəmanlı
AzNews.az