“Polkovnik Qurbanov”un 100 illiyi - FOTO
5 Noyabr 2015 11:24 (UTC+04:00)
Teatrdan AzNews.az-a verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutub. Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemətov bildirib ki, Azərbaycan teatr və kino sənətində M.Şeyxzamanovun müstəsna xidmətləri olub: "Sevinirəm ki, Məmmədrza Şeyxzamanovun xatirə gecəsi onun doğma teatrında keçirilir. Məmmədrza müəllim nəhəng aktyor kimi adını teatr və kino tariximizə qızıl hərflərlə yazdırıb, onun bütün rolları yaddaqalan olub".
Gecədə Xalq artisti Ağakişi Kazımov, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Elxan Qasımov sənətkarın kino və teatr fəaliyyətindən, onun səhnə həyatında oynadığı rollardan danışıblar. Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına verilib.
Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.
Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. M. Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə "Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxıb.
Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradıb. 1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edib. 1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edib.
M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.
AzNews.az