Kənan Hacının vəziyyəti ağırdır: “Mənə lazım olan dərmanları vurmadılar”

5 Noyabr 2015 12:31 (UTC+04:00)

Bu barədə AzNews.az-a K.Hacı özü məlumat verib. Onun sözlərinə görə, bir neçə ay bundan öncə Səhiyyə Nazirliyinin dəstəyi ilə müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə Hepatit-C xəstəliyi ilə bağlı ona lazım olan dərman preparatları vurulmayıb: "Hepatit-C-yə qarşı olan əsas iynələr vurulmayıb, dərmanlar qəbul etməmişəm. Əsaslı müalicə olunmadığımdan ağrıyıram. Xəstəxanada olduğum 10 gün ərzində məni yüngülvari müalicə etdilər. Yəni, vitaminlər vurdular ki, bədən möhkəmlənsin. Xəstəliyin qarşısını almaq üçün virusa qarşı heç nə edilməyib. Özüm də kirayədə qalıram. Bilmirəm kirayə pulu verim, yoxsa özümə dərman alım".

Yazıçı qeyd edib ki, xəstəxanadan çıxandan sonra Səhiyyə Nazirliyindən heç kim onunla əlaqə saxlamayıb: "Hamı vəziyyətimi bilir, kimə nə deyim? Kimisə bezdirmək istəmirəm. O vaxtdan işə getmirəm. İşə getməyə gücüm yoxdur. Ayaqlarım tutulur, kürəyim ağrayır. Evdə yeriməyə belə taqətim qalmayıb".

Bahar RÜSTƏMLİ
AzNews.az