“Siyasi kursun dəyişdirilməsi Tiflisin əleyhinədir”

27 Oktyabr 2012 10:05 (UTC+04:00)
Gürcüstan Xarici İşlər naziri Rusiyanın ölkəsindəki əraziləri işğalda saxladığı müddətdə bu dövlətlə siyasi əlaqələrin bərpasının mümkün olmayacağını bildirib.

Xanım nazirin verdiyi bəyanatın nə dərəcədə səmimi olduğu barədə AzNews.az-ın sualını cavablandıran siyasi şərhçi Ərəstun Oruclu bunun əsas mahiyyətinin nədən ibarət olduğunu zamanın göstərəcəyini düşünür: "Hələlik prezident Mixail Saakaşvili hakimiyyətdədir və Konstitusiya ilə ölkənin xarici siyasətini o, müəyyənləşdirir. İvanaşvili və onun komandası da bunu çox yaxşı başa düşür".

Politoloqun qənaətincə, bu gün bu durumun dəyişdirilməsinə cəhd göstərmək onların siyasi kapitalının iflasına səbəb ola bilər: "Böyük ehtimalla onlar kurs dəyişmə siyasətini tədricən həyata keçirməyi nəzərdə tuturlar. Zaman keçdikcə, bunu reallaşdırmağa da çalışacaqlar. Amma Gürcüstan bir çox parametrlərlə Qərbə bağlanmış ölkədir. Bu mənada kursun tez bir zamanda dəyişdirilməsi ilk növbədə özünü Qərbin dəstəyindən mərhum etmək deməkdir. Bu da Gürcüstanda böyük böhranlar yarada bilər".

Ona görə də Ə.Oruclu deyir ki, burada iki variant mümkündür. Onlardan biri odur ki, zamanın tələb olunduğundan belə bir bəyanat verilir. İkincisi isə odur ki, kursun dəyişdirilməsi sadəcə olaraq Gürcüstana hazırkı durumda əl vermir. Belə olan halda da götürülən siyasi xətt davam etdiriləcək.

Gültəkin Qəhrəmanlı
AzNews.az