Məhəmməd Hadinin məzarından cəsədinin qalıqları tapılmadı

6 Noyabr 2015 19:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmlər doktoru, hadişünas alim İslam Qəribli görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin harada dəfn olunması barədə mübahisələrlə bağlı bildirib.

Onun sözlərinə görə, məzar köçürülən vaxt Bakıdan nümayəndə heyəti də gedib.

"Gəncə şəhər Partiya Komitəsi təbliğat-təşviqat şöbəsində məsul vəzifədə çalışan Xeyrulla Əliyev də orada olub. Xeyrulla müəllim sağdır. Sadəcə, Hadinin cəsədinin qalıqları çıxarılan məzar işarələnməyib. Dəfn prosesi zamanı çəkilən şəkillər var. Hadinin məzarı Gəncəçayın sağ sahilinə köçürüldükdən sonra orada kiçik büst ucaldıblar. Bununla bağlı faktlar, protokollar var", - deyə İ. Qəribli bildirib.

İ. Qəribov qeyd edib ki, 1966-cı ildə Partiya Komitəsi M. Hadinin Səbizkar qəbiristanlığındakı məzarı üzərində abidə ucaldılması barədə qərar qəbul edib: "Lakin yer kiçik olduğuna görə abidə tikmək mümkün olmayıb. Daha sonra qərar verilib ki, cəsədin qalıqlarını oradan çıxarıb, başqa bir yerdə dəfn etsinlər".

AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev isə açıqlamasında deyib ki, Gəncədə tarixi abidələrin, görkəmli şəxslərin məzarlarının tədqiqi ilə bağlı komissiya fəaliyyət göstərir: "Komissiya tərəfindən şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin iştirakı ilə Məhəmməd Hadinin Gəncəçayın sağ sahilindəki qəbri 4-5 metr uzunluğunda, 2 metr dərinliyində qazıldı. Büstün altında beton plitələr qaldırıldı. Ancaq oradan cəsəd qalıqları, kəfən tapılmadı".

Akademik bildirib ki, arxiv sənədləri əsasında M. Hadinin məzarının Gəncədə Səbizkar qəbiristanlığında olduğu müəyyən edilib: "Hadinin məzarı Səbizkar qəbiristanlığında Adıgözəl bəy Goraninin məzarının arxasındadır. 1920-ci ildə Hadini orada dəfn ediblər. Arxiv sənədlərində göstərilir ki, Gəncəçayın sağ sahilində Hadiyə abidə qoyulsun. Həmin sənədlərdə Hadinin məzarının köçürülmə söhbəti yoxdur. Ona görə biz bu tədqiqat işini apardıq və müəyyənləşdirdik ki, Hadinin məzarı Gəncəçayın sağ sahilindəki parkda yox, Səbizkar qəbiristanlığındadır".