ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

6 Noyabr 2015 20:00 (UTC+04:00)

AzNews.az-ın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, H.Əsədov kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və mövcud prioritetlər barədə qarşı tərəfə məlumat verib. O, indiyədək ABŞ hökuməti tərəfindən Azərbaycanda kənd təsərrüfatı və aqrobiznes sahəsində göstərilmiş dəstəyi təqdirəlayiq hesab edib, Azərbaycanın aqrar sahədəki yeni prioritetlərinə uyğun olaraq bu dəstəyin gələcəkdə də davam etdirilməsinin ikitərəfli əməkdaşlığa töhfə verə biləcəyini bildirib.

R.Sekuta Azərbaycanda kənd təsərrüfatı sahəsinin böyük inkişaf potensialına malik olduğunu bildirib və bu potensialdan səmərəli istifadə etmək məqsədilə təmsil etdiyi ölkənin Azərbaycanla həm özəl sektor, həm də müvafiq dövlət qurumları səviyyəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Səfir kənd təsərrüfatı sahəsində daha səmərəli əməkdaşlığa nail olmaq məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin imkanlarından istifadə olunacağını diqqətə çatdırıb.

Görüşdə kənd təsərrüfatı və aqrobiznes sahələrində ikitərəfli əməkdaşlığın bir çox sahələri, o cümlədən kadr hazırlığı, toxumçuluq, heyvandarlıq, laboratoriya infrastrukturunun gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Bununla yanaşı, görüşdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ABŞ bazarlarına nəql edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.