500 manata görə dostunu öldürənə hökm oxundu - 16 il

6 Noyabr 2015 23:50 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu il martın 14-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində, "V" yaşayış massivində Aslan Məmmədov 9 mərtəbəli binanın blokunda tanışı Bəşir Dəmirova bıçaq xəsarətləri yetirib, nəticədə sonuncu təcili tibbi yardım avtomaşını gələnədək kəskin qanitirmədən hadisə yerində dünyasını dəyişib.

Daxil olan məlumat əsasında hadisə yeri Suraxanı RPİ 33-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Səhərisi gün əməliyyatçılar şübhəli şəxsi Qaradağ rayonu ərazisində tutub və istintaqa təqdim ediblər.

İstintaqla müəyyən edilib ki, ötən ilin dekabr ayında Bəşir Dəmirov dostu Aslan Məmmədovdan borca 500 manat pul alıb və söz verib ki, iki ay müddətində borcu qaytaracaq. Lakin deyilən vaxtın gəlib çatmasına baxmayaraq Bəşir pulu qaytara bilməyib və bunun nəticəsində aralarında olan münasibət pisləşib. Hər dəfə Aslan borcunu istədikdə, Dəmirov söz verib ki, mütləq pul tapacaq və qaytaracaq.

Mart ayının əvvəllərində Bəşir cəmi 200 manat pulu Aslana qaytarıb. Ayın 13-də Məmmədova təcili pul lazım olduğu üçün, o dostundan qalan məbləği tələb edib, Dəmirov söz verib ki, mütləq pul tapacaq və gətirəcək. Lakin səhərisi gün Aslan Bəşiri tapa bilməyib, onun telefonu sönülü olub. Aslan dostunun yaşadığı ünvana gəlsə də, anası oğlunun evdə olmadığını deyib. Buna görə Məmmədov aşağı düşərək dostunu məhəllədə gözləməyə başlayıb, təxminən saat 21.30-da evə gələn Bəşir bloka girib, Aslan onu görərək, səsləyib və dayanmasını tələb edib.

Dostlar arasında kəskin söhbət olub, belə ki, Dəmirov onda hazırda pul olmadığını və onunla nə istəsə, edə biləcəyini deyib. Bəşirin sözlərindən əsəbiləşən Aslan gödəkçəsindən bıçaq çıxararaq, onun döş qəfəsinə 2 zərbə endirib.

Məhkəmə prosesində Aslan Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, cinayəti əsəblərini cilovlaya bilmədiyinə görə törədib.

O deyib ki, əsl dost kimi çətin anında Bəşirə yardımçı olub, pul verib, lakin özünə lazım olduqda, sonuncu sadəcə ona qaytarılası pulu olmadığını bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu, onun pulu olub və o, yalnız həmin məbləği qaytarmaq istəyib. Görüşə yollanarkən bıçağı özü ilə hər ehtimala qarşı götürüb, onun Dəmirovu qəsdən öldürmək niyyəti olmayıb.

Zərərçəkən Zəhra Dəmirova ifadəsində göstərib ki, onların ailə üzvləri oğlunun qətli ilə əlaqədar böyük mənəvi və psixoloji sarsıntı keçirib. O, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.