Bolqarıstanda qondarma “soyqırım” qətnaməsi ləğv edildi

28 Oktyabr 2012 15:58 (UTC+04:00)
Bolqarıstanın Yambola şəhərinin bələdiyyəsi qondarma "erməni qoyqırımı"nın tanınması haqqında 2 il əvvəl qəbul etdiyi qətnaməni ləğv edib. Bu barədə məlumatı erməni mətbuatı "Focus News"a istinadən yayıb.

Məlumata görə, bələdiyyənin 20 üzvü qətnamənin ləğvinə səs verib, 8 nəfər bitərəf qalıb, 2 nəfər isə səsverməkdən imtina edib. Qətnamənin ləğvi barədə təklifi bələdiyyənin 7 üzvü irəli sürüb.

Onların sözlərinə görə, bu təklifin müzakirəyə çıxarılmasında bir neçə təşkilatın rəyi nəzərə alınıb. Həmin təşkilatların Türkiyə ilə bir sıra layihələrinin nəzərdə tutulduğu, ancaq qondarma "soyqırımın" tanınması səbəbindən layihələrin icra edilmədiyi bildirilir. Bələdiyyə üzvlərinin fikrincə, əvvəl qəbul edilən qətnamə Türkiyə ilə Yambola arasında əməkdaşlığa maneçilik törədib.

Qeyd edək ki, qondarma "soyqırım"ın tanınması barədə qətnamə 2010-cu ilin 28 oktyabrında 28 nəfərin lehinə səs verməsi ilə qəbul edilmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az