Bayraq günündə Bakı küçələri bayraqsız qaldı – Fotolar

9 Noyabr 2015 23:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nə mərkəzi küçələrdə bayraqlar asılıb, nə də ətrafda yerləşən binalarda.

Əməkdaşlarımızın Azadlıq, Hüseyn Cavid, Mətbuat prospektlərində, Əbdürrəhim bəy Haqverdiyev, Bəxtiyar Vahabzadə, Əhməd Cəmil küçələrindən çəkdikləri fotolardan görünür ki, işıq dirəklərindən bir ədəd də olsun, bayraq asılmayıb. Cəmi bir şüşəbənd istisna olmaqala binalarda milli atributumuzun nişanəsi belə görünmür.
Yağışın gur yağması da bayraqların asılmasına əngəl yaratmış ola bilər. Lakin fakt faktlığında qalır.

Dövlət Bayrağı günü Bakı küçələrinin bayraqsız qalmasının səbəblərinə bayram günü heç bir qurumun işləmədiyi üçün aydınlıq gətirə bilmədik. Təbii ki, növbəti gün aydınlaşdırmağa çalışacağıq. Bəlkə də şəhərin məhz elə yağış üzündən bayraqlarla bəzədilmədiyi cavabını eşidəcəyik. Düşünəcəyik ki, belə də olmalıdır. Təki bayrağımız əzilməsin, yağışdan büzüşməsin, həmişə şux və vüqarla dalğalansın!

Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Həmin ildən etibarən Azərbaycanda noyabrın 9-u bayram kimi qeyd olunur.













Ceyhun