Prezident Fransa səfirinin etimadnaməsini qəbul etdi

10 Noyabr 2015 16:04 (UTC+04:00)

Səfir Orelia Buşez fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xanım Orelia Buşez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Fransa arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Fransa Prezidenti Fransua Ollandın bir il ərzində iki dəfə Azərbaycana, özünün isə Fransaya səfərlərinə toxunan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Siyasi əlaqələrmizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev parlamentlər səviyyəsində də yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Ölkələrimizin arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və getdikcə daha da möhkəmlənəcəyini bildirən dövlətimizin başçısı bunu qarşılıqlı anlaşmanın və dəstəyin çox yüksək səviyyəsi kimi dəyərləndirib.

Xanım Orelia Buşez bildirib ki, o, Fransanın Azərbaycanda səfiri olmasından məmnundur və şərəf hissi keçirir. Azərbaycanın gözəl ölkə, Bakının isə ecazkar şəhər olduğunu vurğulayan fransalı diplomat paytaxtımızda qədim və müasir arxitekturanın uğurlu sintezinə valeh olduğunu dedi. Ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərin də onda dərin təəssürat yaratdığını deyən səfir Azərbaycandakı sabitliyi və dini tolerantlığı yüksək qiymətləndirərək bunun Avropa ölkələri üçün də nümunə ola biləcəyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həll olunması, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar, kosmik sənaye, infrastruktur, nəqliyyat, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.