“Kitabi-Dədə Qorqud”un Təpəgöz boyu 25 dilə tərcümə ediləcək

12 Noyabr 2015 16:16 (UTC+04:00)


AzNews.az xəbər verir ki, simpoziumu giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev tədbirin əhəmiyyətindən danışıb.

Dövlət müşaviri vurğulayıb ki, Mərkəz tərəfindən Dastanın "Təpəgöz" boyunun 25 dilə tərcümə və nəşri nəzərdə tutulub. Onun sözlərinə görə, "Dədə Qorqud" dastanı bir məkanla məhdudlaşmır. Dastan təkcə türk xalqlarının abidəsi deyil, dünya çapında mühüm abidədir. "Kitabi-Dədə Qorqud" dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının beynəlxalq aləmdə təbliğidir.

BSU-nun rektoru, professor Asif Hacıyev simpoziumun Dastanla bağlı həyata keçirilən layihələrin davamı olduğunu vurğulayıb. Rektor bildirib ki, "Kitabi-Dədə Qorqud" dastanının geniş təbliği, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır.

Qafqaz Universitetinin rektoru, professor, Dr. Ahmet Saniç və AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov çıxışlarında "Kitabi Dədə Qorqud" dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqedən danışıblar.

Simpozium çərçivəsində Bakı Slavyan Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Qafqaz Universiteti arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Beynəlxalq simpozium plenar çıxışlarla davam etdirilib. Türkiyənin Hacettepe Universitetinin professoru, Dr. Şükrü Haluk Akalın "Dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin qaynağı Kitabi-Dədə Qorqud", AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev "Dədə Qorqud kitabı"nda boy tutumu məsələsi, dosent Vahid Adilov "Kitabi-Dədə Qorqud"da işlənmiş bir neçə ifadə haqqında, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva "Kitabi-Dədə Qorqud"da mürəkkəb cümlə sintaksisi" mövzularında çıxış ediblər.