“Neftçi” prezidenti klubdakı son vəziyyətə aydınlıq gətirdi
29 Oktyabr 2012 06:43 (UTC+04:00)
"Təbii ki, "Neftçi"nin "Rəvan"a məğlubiyyəti ilə barışa bilmərəm. Çünki "Neftçi", "Rəvan" kimi komanda ilə hər oyunuda top buraxmadan qalib gəlməlidir. Buna görə də məğlubiyyətin səbəbləri mütləq araşdırılmalıdır. Mətbuatda klubun vitse-prezidenti Tahir Süleymanovun, Komandanın idman direktoru Güloğlan Cabbarovun, eləcə də Baş Məşqçi Böyükağa Hacıyevin istefa verməsi haqda xəbərlər də yer alıb. Qəti şəkildə bildiriəm ki, istefalardan söhbət gedə bilməz".
AzNews.az -un məlumatına görə, bu açıqlamanı "Neftçi"nin rəsmi saytına klubunun prezidenti verib. Hazırda Həcc ziyarətində olan Sadıq Sadıqov, paytaxtda dönəndən sonra bu məsələ ilə ciddi məşğul olacağını deyib: "Bakıya qayıtdıqdan sonra məşqçilər korpusundan, həmçinin komandanın rəhbərliyindən hesabat tələb edəcəyəm. Məğlubiyyətin səbəbləri araşdırılacaq və günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar".
Komanda rəhbəri onu da qeyd edib ki, avrokuboklarda mübarizə "Neftçi"nin gücünü alıb və "ağ-qaralar" ölkə çempionatında istədiyi oyunu nümayiş etdirə bilmir: "Bir məqama da toxunmaq niyyətindəyəm. Hər kəsə bəllidir ki, futbolumuz tarixində ilkə imza ataraq, Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış "Neftçi", həm də bütün Azərbaycanı təmsil edir. Ölkəmizin Avrokuboklardakı yeganə ümidi olan komandamız Rubinə qarşı ağır oyun keçirmişdi. Kazan səfərindən qaytıdıqdan bir gün sonra növbəti görüşə çıxan futbolçularımızın yorğunluğu öz sözünü deməyə bilməzdi. Üstəlik, 3 gün aralıqlarla çempionatda daha iki ağır qarşılaşma bizi gözləyir.
Noyabrın 8-də "Neftçi" Bakıda "Rubin"lə cavab görüşünə çıxacaq. Heyətimiz legioner futbolçularla əsasən gənc olan yerli oyunçulardan qurulub. Matçlar da onu göstərir ki, futbolçularımız bu cür ağır qrafikə tam hazır deyillər. Belə olan halda, Azərbaycan adını təmsil edən "Neftçi"yə daxili çempionatda oyunlarının təxirə salınması baxımından müəyyən güzəştlər edilməlidir. Çünki üç gündən bir keçirilmiş oyunlar komandamızın Avrokubok qarşılaşmalarına mənfi təsir edəcək. Nəzərə alsaq ki, "Rubin" və "Partizan"la doğma azarkeşlər önündə oynayacağıq, az da olsa Avroliqanın qrupunda şanslarımızın mövcüd olduğunu düşünürəm".
AzNews.az