Əli Abbasov niyə vəzifəsindən azad edildi? - Dövlətə xəyanət...

12 Noyabr 2015 18:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "azadinform"un əldə etdiyi məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib.

Məlumatda bildirilir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Prezidentinin etimadını doğrultmayıb, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.

Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.

İlkin araşdırmalar göstərib ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları" da yaxından iştirak etmiş, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.

Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı əksər sənədləşmə işləri dayandırılıb.

Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var.

Eyni zamanda nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib.

Əldə etdiyimiz məlumata görə, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara azad şərait yaratmağa, sahibkarlığın inkişafı üçün mühiti liberallaşdırmağa çağırıb.