Saakaşvili vətəndaşlıqdan çıxarılır

12 Noyabr 2015 21:11 (UTC+04:00)

AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv edilməsinə dair çıxarış dekabrın ilk günlərində prezidentə təqdim ediləcək.

Bu barədə jurnalistlərə Gürcüstanın ədliyyə naziri Teya Çulukiani xəbər verib. Onun sözlərinə görə, Mixail Saakaşviliyə bu haqda məktub bir neçə gün öncə Odessada təqdim edilib. Çulukiani Gürcüstan vətəndaşının başqa ölkə vətəndaşı olduğu halda, vətəndaşlıqdan çıxarıldığını qeyd edib. Nazir Ukrayna pasportu alan Saakaşvilinin bu qanunla vətəndaşlıqdan məhrum olunacağını bildirib.

"Gürcü qanunvericiliyinə görə, bu andan etibarən onun öz mövqeyini bildirmək üçün dörd həftəlik müddət başlayır. Dekabrın ilk günlərində biz yekun qərar qəbul edərək Gürcüstan prezidentinə vətəndaşlığın ləğv edilməsi haqqında çıxarışı təqdim edəcəyik", – deyə Çulukiani bildirib.

1967-ci il dekabrın 21-də anadan olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib. Saakaşvili daha sonra 1995-1996-cı illərdə Corc Vaşinqton Universitetində doktranturanı bitirib.

Sabiq dövlət rəhbəri siyasi fəaliyyətə 1995-ci ildə başlayıb. 2003-cü ilə qədər ədliyyə naziri, deputat, Tiflis meriyasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub. 2003-cü ildə müxalifət onun rəhbərliyi ilə qızıl "məxməri inqilabı" həyata keçirib, Eduard Şvarnadze istefaya göndərilib.

Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub. Prezident postuna gələn Mixail Saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O dəfələrlə Rusiyanı separatizmə günahlandırmaqla Gürcüstan Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb.

2012-ci il oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü arzusu" partiyasının qalib gəlməsindən sonra isə prezident Mixail Saakaşvili dövlət televiziyasında onun təmsil etdiyi "Vahid milli cərəyan" partiyasının məğlubiyyətini etiraf edərək, müxalifətə keçdiyini elan edir.

İvanişvilin hakimiyyətə gəlişindən sonra demokrat Saakaşvilinin dövrü başa çatır. 2013- cu il oktyabrın ayında keçirilən seçkilərdən sonra Saakaşvili Gürcüstanı tərk etməli olur. Hazırda Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatorudur.