Bakıda yol çökdü - Avtomobil və piyada yarğana düşdü (Foto +Yenilənib)

13 Noyabr 2015 10:38 (UTC+04:00)

Məlumata görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.


Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.

"Bakı Sukanal" idarəsinin rəis müavini Əlizadə Nəsirov isə deyib ki, qəza baş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib.






APA.az

10:02
***

Bakının Binəqədi rayonunda Cəfər Xəndan küçəsində çökən yolda yaranmış yarğanın aradan qaldırılması üçün ərazidə briqada işləyir.

Bunu açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, yaranmış yarğan zamanı xəsarət alan olmayıb və vəziyyət yayılan məlumatlardakı qədər ciddi deyil: "Hadisə baş verdiyi saatlardan başlayaraq, Bakı Su Kanalı və Binəqədi Su Kanalı İdarələrinin əməkdaşları əraziyə cəlb olunublar. Ərazi çəpərlənib. Artıq köhnə borunun qalıqları ərazidən çıxarılıb. Yeni dəmir boru qəzalı hissəyə yerləşdiriləcək və onun ətrafı betonla tam kipləşdiriləcək. Bununla da qəza tam aradan qaldırılacaq. Yarğan yolda tıxaca səbəb olmayıb. Yolda hərəkət normal rejimdədir".

Qeyd edək ki, dünən axşam saatlarında Cəfər Xəndan küçəsində yol çöküb. Ərazidən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib. Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb. Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və yarğana düşüb. Şəxsin xəsarət almadığı bildirilir.







Trend.az