Kikboksçumuz: “İdmanda ağıl effekt vermir” - FOTO

29 Oktyabr 2012 07:16 (UTC+04:00)


Kikboksinq üzrə dünya kəmərinin sahibi Ramal Aslanovun AzNews.az-a müsahibəsi

- Özünüz haqqında məlumat verərdiniz...

- Mən Ramal Aslanov (ləqəbim Lord) 1992-ci ildə Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşam. Əslən Qərbi Azərbaycandanam. Ailədə dörd nəfərik: atam, anam, bacım və mən. İdmanın kikboksinq növü ilə 7 ildir məşğul oluram. Həvəskarlar arasında 6 dəfə Azərbaycan çempionu olmuşam. Bu il Almaniyanın Düselldörf şəhərində peşəkarlar arasında kikboksinq üzrə dünya çempionatı keçirildi. Həmin yarışda Barakatla döyüşdüm və 5 raundluq döyüşün 3-cü raundunda rəqibi təslim olmağa məcbur etdim və dünya çempionu oldum. Dünya kəmərini Azərbaycana gətirmişəm. Buna görə də, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə, federasiyanın vitse-prezidenti Güloğlan Cabbarova, beynəlxalq menecer Aydın Nəcəfzadəyə və gənclər və yeniyetmələr arasında yığma komandanın baş məşqçisi Hikmət Hacıyevə minnətdarlığımı bildirirəm.
Hazırda Türkiyənin Ankara şəhərində həvəskarlar arasında keçiriləcək Avropa çempionatına qatılmağa hazırlaşıram.

- Niyə məhz idmanın bu növünü seçdiniz?

- Təsadüfən kikboksa gəlməmişəm. Uşaq yaşlarımdan Hikmət müəllimin nəzarətində məşqlərə başlamışam və bu günə qədər də onunla çalışıram. O vaxtları 42 kiloqram çəki dərəcəsində döyüşürdüm. Ümumiyyətlə, bütün çəki dərəcələrində döyüşmüşəm.
Peşəkarlar arasında keçirilən K-1 yarışları keçirilir. İnşallah, gələn il həmin yarışmaya çıxacağam. Ən reytinlqli döyüşlər K-1 yarışmasında keçirilir.

- Kikboksinqdən başqa, nə işlə məşğul olursunuz?

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının boks və tək mübarizlik fakültəsinin 3-cü kurs tələbəsiyəm. Vaxtımın çox hissəsini məşqlərdə keçirirəm.

- Son zamanlar idmançılar hakimlərin ədalətsizliyindən tez-tez gileylənirlər. Sən necə belə bir ədalətsizliklə qarşılaşıbsınızmı?

- Düzdür, hakimlər hərdən tərəfkeşlik edir. Amma döyüş zamanı elə şərait yaradıram ki, rəqibimdən bir pillə üstün oluram. Buna görə də, hakimlər istər-istəməz ədalətli qərar verməli olurlar. Döyüşlərimin ən çoxunu nokaut vəziyyətilə yekunlaşdırmışam.

- Siz də rinqə azad meydan kimi baxırsız?

- Rinqdə azad olmalısan. Rinqə gücü və ürəyi olan çıxmalıdır. Tarixən idmançılar ağılı gücdən üstün biliblər. Amma mən deyərdim ki, çox zaman ağıl özünü isbat etmir. Düşünürəm ki, tək ağılla deyil, fiziki gücdə tələb olunur. Məhəmməd Əli ağıllı idmançı olsaydı, bu gün sağlamlığında problemlər olmazdı. Çünki o, vaxtilə döyüş zamanı özü imkan yaradıb ki, rəqibi ona zərbə vursun və yorulsun. Nəticədə də özü bir-iki zərblə rəqibini nokaut edirdi.

Mayk Taysonu axmaq döyüşçü bilirlər. Əslində isə o, ağıllıdır. Tayson rinqdə olduğu zamanı 1 və 2-ci raundlarda döyüş yekunlaşır. Məhəmməd Əli ilə Tayson bir dövrdə yaşasaydılar və rinqə çıxsaydılar, Tayson birinci raundda Məhəmməd Əlini nokaut edərdi.

- Boksçuların rinq mədəniyyəti qaneedicidir?

- İdmançı nə qədər güclü oldusa, gərək, bir o qədər də mədəniyyətli olsun. Eyni zamanda tamaşçılara... rəqibin zəif olmasından istifadə etmək olmaz. Çünki gözlənilməz an da zəif bildiyin idmançıdan elə bir zərbə alarsan ki, nokaut vəziyyətinə düşərsən. İdmanda qalib və məğlub var. Qalib olmağı bacaran, məğlub olanda da razılaşmalıdır və rəqibini təbrik etməlidir.

Fuad Mədətov
AzNews.az