DİN-nin hospitalında rəzalət

29 Oktyabr 2012 07:21 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalında tibb bacıları arasında qalmaqal baş verib. AzNews.az-ın əldə etdiyi məlumata görə, Xalq artisti Nəzakət Teymurovanın bacısı qızı, çavuş Əliyeva Natella Nazim qızı və hospitalda müqavilə əsasında işləyən digər tibb bacısı Quliyeva Solmaz Qarsalan qızı "VVK" adlanan şöbədə iş yeri uğrunda saçyoldusuna çıxıblar.

Hər iki tibb bacısı əvvəlki rəhbərlik dönəmində hospitalın daha gəlirli şöbəsi hesab edilən bu şöbədə işləsələr də, yeni rəhbərliyin dövründə onlardan yalnız biri şöbədəki işini davam etdirməli olub. Bu isə iki tibb bacısı arasında iş yeri uğrunda davaya gətirib çıxarıb.

Müəssisədə tibb bacıları arasında yaşanan rəzalət DİN-in Tibb İdarəsinin rəhbərliyinə də məlum olub.

Oktyabrın əvvəllərində idarəyə rəhbər təyin edilən, əvvəllər idarənin rəis müavini olmuş Vüqar İsmayılovun cəza tədbiri bir qədər gözlənilməz olub. Belə ki, hər iki tibb bacısı polis sıralarından uzaqlaşdırılıb.

Elnur Əzimov
AzNews.az