İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul etdi - Foto
13 Noyabr 2015 15:52 (UTC+04:00)
Dövlət başçısı Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmiz ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına və uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev əməkdaşlığımızın kifayət qədər geniş istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə etdiyini vurğulayaraq ölkələrimiz arasında parlamentlərarası əlaqələrin də böyük əhəmiyyət daşıdığını deyib.
Böyük Britaniya Lordlar Palatasının üzvü, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq məsələlərə dair fikirlərinin onlar üçün hər zaman böyük maraq doğurduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.