“Qarabağ Rusiya, Fransa və ABŞ-ın toqquşan mövqelərinin məkanına çevrilib“

13 Noyabr 2015 20:11 (UTC+04:00)

AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, həmsədrlərin tənqidi onların yaydıqları bəyanatda öz əksini tapıb.

Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) bildirirlər ki, bu dəyişiklik Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında əldə olunan irəliləyişinə mane olacaq:

"Biz hesab edirik ki, Minsk Qrupunun vasitəçilik missiyası ilə əlaqədar xüsusi təcrübəsi var. Qrupun formatı bütün tərəflər üçün münasibdir. Danışıqların mərhələsini nəzərə alaraq, formatın və ya mexanizmləri dəyişdirmək cəhdləri danışıqların prosesini poza və nizama salınmanın irəliləyişinə mane ola bilər", - deyə həmsədrlər bəyanatlarında bildirirlər.

Minsk Qrupunun formatının dəyişdirilməsindən narahat olan həmsədrlər 20 ildən çoxdur ki, münaqisənin həlli üçün çalışırlar. Amma bu müddət ərzində əsaslı bir sənədin imzalandığını və tərəflərin razı salınması üçün hər hansı addımların atıldığını söyləmək çətindir.

Bu illər ərazində həmsədrlər regiona yalnız səfərlər təşkil edib və təmsil etdikləri təşkilata standart hesabatlar verməklə kifayətləniblər. Həmsədrlərin təmas xətində təşkil etdikləri son monitorinqdə onların Ermənistan ordusu tərəfindən atəşə tutulması barədə xəbərlər yayıldı. Ceyms Uorlik, İqor Popov və Pyer Andrie erməni gülləsindən canını güclə qurtarsalar da monitorinqdən sonra verdikləri açıqlamada atəşkəsi pozan tərəfin adı qeyd olunmayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyidə monitorinqlə bağlı açıqlamasında atəşkəsi pozan tərəfin adının qeyd olunmamasının təəssüf doğurduğu bildirmişdi. Atəşkəsi hansı tərəfin pozduğunu açıqlamayan təşkilat üzvüləri indi Minsk Qrupunun formatının dəyişməsindən narahatdılar.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Millət vəkili Zahid Orucun sözlərinə görə, Minsk Qrupunun formatının dəyişdirilməsi Qarabağ münaqişəsi həll olunmadığı üçün təklif edilir.

"Heç kim bu təklifi etməklə həmsədr dövlətlərə qarşı qərəzli münasibət göstərmir. Zamanla bəlli oldu ki, Qarabağ ən böyük münaqişə zonası kimi həmin dövlətlərin aralarındakı problemlərdir. Bu münaqişə Ermənistan – Azərbaycan arasında münaqişədən daha çox Rusiya, Fransa və ABŞ-ın toqquşan mövqelərinin məkanına çevrilib. Biz də gözləməyə məcbur olmuşuq ki, bu dövlətlər arasında münaqişə bitsin. Kim qalib gələcəksə onunla münaqişənin həlli üçün əməkdaşlıq edək. Ona görə də zaman - zaman hazır ki, Minsk Qrupunun formatının dəyişdirilməsi barədə Azərbaycan siyasətçiləri də təkliflər verirlər".

Millət vəkilinin sözlərinə görə, həmin qrupa Almaniya, Türkiyə və digər dövlətlərin daxil olması münaqişənin həlli ilə bağlı konkret addımların atılması ilə nəticələnə bilər. Bu zaman qüvvələr nisbəti xeyli tarazlaşar və Ermənistan öz üzərində ciddi bir təsir hiss edərdi.

Həmsədrlərin çıxışlarına münasibət bildirən XİN-in mətbuat xidmətinin rəhəri Hikmət Hacıyev isə qeyd edib ki, Minsk Qrupunun həmsədrləri danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edir.

Minsk Qrupunun hazırkı fəaliyyətindən və mövqeyindən Azərbaycan tərəfinin nə dərəcə razı olduğu ortadadır. Amma həmsədrlər formatın dəyişdirilməsi ilə bağlı təklifləri tənqid edir. Bir müddət əvvəl Türkiyə, Pakistan və İranın Minsk Qrupuna daxil edilməsi müzakirə olunurdu. Amma ola bilsin ki, bu dövlətlərin Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə töhvə verəcəyini düşünən bəzi ölkələr bunun müzakirəsindən yayındılar.

Hazırda isə Minsk Qrupuna həmsədrliyi Rusiya, Fransa və ABŞ öz əlində saxlayır. Amma bu dövlətlərin münaqişə tərəflərinə hansı mövqedən yanaşdığı ortadadır. Rusiya , Fransa və ABŞ Ermənistana dolayısı yollarla da olsa dəstəyini nümayiş etdirir.

Digər bir tərəfdən öz aralarında münaqişəni həll edə bilməyən dövlətlər "Dağlıq Qarabağ problemini həll edəcəyik" deyirlər. Suriyada və Ukraynada üz - üzə gələn tərəflər birləşib Qarabağ münaqişəsini həll edəcəklərini iddia edirlər. Onların nümayəndələri həmsədrlər isə Minsk Qrupunun formatının dəyişməsinə ehtiyac olmadığını bildirirlər. Yəqin ki, 3 aydan bir Qafqaza səfər imkanı əldə edən həmsədrlər öz işlərini itirməkdən narahatdırlar.

Amma 20 ildən çoxdur ki, bir milyon Azərbaycan vətəndaşı qaçqın həyatı yaşayır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını əsas götürməli, BMT -nin Baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər. Qətnamələr qəbul olunsa da illərdir ki, icra olunmur.