Köşə yazarları ilə millət vəkilinin davası qızışır

29 Oktyabr 2012 08:07 (UTC+04:00)
Bir neçə gündür ki, köşə yazarları Zamin Hacı və Şahvələd Çobanoğlu millət vəkili Fazil Mustafa ilə söz davasına çıxıblar. Ş.Çobanoğlunun 2 gün öncə "Azadlıq" qəzetində yazdığı "Naxçıvandakı "cırıq oteli"nin sahibi" adlı köşəni ixtisarla təqdim edirik: "Fazil Mustafa "Yeni Müsavat" qəzetində isterik bir məqalə ilə çıxış edib, dalınca da özündən razılıqla bizi darmadağın etdiyini elan edib. Hətta onu da yazıb ki, Naxçıvanda Şahvələd Çobanoğlu, Zamin Hacı və Elnur Astanbəyli kimi adamlara "cırıq üçlük" deyirlər. Elə bilib ki, biz çox sarsılacağıq. Guya biz bu hakimiyyətin arsenalında jurnalistləri söyən, şərləyən adamların nə qədər çox olduğunu bilmirik.

Mən bu il 2 dəfə Naxçıvanda olmuşam. Polislər təcili mənim oranı tərk etməyimi tələb edirdilər. Əksinə, sadə insanlardan böyük ilgi görürdüm. Məndən başqa yazarlara da salam yollayırdılar. Orada vəziyyət çox ağırdır. Abadlıqların arxasında əsl Naxçıvan faciəsi yaşanır. Kəndlər boşalır. Elə yerlər var ki, yaşlı adamlar öləndə dəfn etməyə əltutan kimsə olmur, mərhumu əsgərlərin köməyi ilə dəfn edirlər. Fazil isə bu siyasətin dəstəkçisidir, bu siyasətin həyata keçirənlərin cib müxalifətidir. Naxçıvanlılara zülm edən siyasətə pulla qulluq edir, amma onların folklorundan pulsuz istifadə edir.

Bəs Naxçıvandakı bu deyim niyə yada düşüb? Bu "cırıq" kəlməsi ilə bağlı bu adamda "travma" var. O da Naxçıvandakı bir deyimlə bağlıdır. Çünki Elçibəy hakimiyyəti dövründə - Prezident Aparatında işlədiyi dövrdə bu adam orada bir otelə sahib olmuşdu. Necəsini bilmirəm, amma həmin otelə qədim bölgənin sahibləri nədənsə "cırıq oteli" adı vermişdilər. Bəzən kəlmə adamın öz içini yandıranda, onu başqalarına püskürürsən. Amma buna ehtiyac vardımı?

Nə var ki, dalaşan adamlar, hətta siyasi polemika edən adamlar bir-birinə hər cür ağır sözlər deyə bilər. Amma ən çətin şey insanın əqidəsini satmasıdır. Bu ləkəni üstündən təmizləmək ağırdır. Adını dəyişiklik qoy, kimlərsə sussun, deməsin, xeyri yoxdur. Hamıya bəllidir hər şey.

Gerçəkdə biz tərbiyəsiz heç nə yazmırıq. Şəxsi şeylər yazmırıq. Biz sərt yaza bilərik, amma ictimai mövzulardan yazırıq. Çünki arqumentlərimiz var. Baxın, sonuncu qovğamıza səbəb olan yazım Elçibəyin xarici siyasətinə macəraçı deməyi ilə bağlı olub. Heç bir qeyri-siyasi kəlmə yox idi. Məqam düşdü, yazdım ki, Moskvada azərbaycanlı oliqarxların birlik yaratmasını Rusiyanın təzyiqi sayıb, Elçibəyin xarici siyasətini niyə pisləyirsən? Bəs Elçibəy rus qoşunlarını bu ölkədən çıxarmasaydı, burda oturan rus generalların qorxusundan neyləyərdiniz?! Özün də Elçibəyin müşaviri, müavini olmusan. Ağıllı idin, o vaxt deyəydin, səhv olmazdı. Heç olmasa bunu Elçibəy devriləndə sonra deyəydin. Niyə sənin Elçibəyə qarşı fikirlərin 10 ildən sonra, o öləndən sonra və məhz deputat olandan sonra aşıb-daşdı?"
Millət vəkili Fazil Mustafa da jurnalist Şahvələd Çobanoğlu ilə yaranan qarşıdurmaya dair bir köşə yazıb. "Narın yağış doktrini" adlı həmin yazının bir hissəsini təqdim edirik:

"İslam dini insan həyatına yüzlərlə sabit davranış qaydaları pərçimləyir. Onlardan biri də "Sizinlə savaşanlarla savaşın!"dır. Bu, əslində hücum əmri deyil, aktiv müdafiə prinsipidir.
Siyasi gündəmdə də tez-tez bunu yaşamalı oluruq. Mənim üçün bir mütləq əqidə var, o da İslam əqidəsidir. Onu da Allahın təqdiri ilə qazanmağa çalışıram. Və əqidəni bugünkü siyasi baxışlarımla da qarışdırmıram. Siyasət isə günün problemlərini çözmək üçün nəzərdə tutulan xidmət sferasıdır. Burada əqidə yox, mövqe, baxış, cinah olur. Bu əqidə sözünün mənasını anlamayan biriləri "əqidə dəyişmək"dən danışanda, həqiqətən yazığım gəlir. Adam gör mərifət pilləkəninin harasındadır...

İndi də insanın özünə qarşı deyəcək sözləri qalmayanda çevrəsi ilə böhtan atmağa çalışırlar. Bunu bir zaman edənlərin televiziyalarda çılpaq pozalarda gülümsədiklərini hamımız gördük. İndi də Şahvələd Çobanoğlu "Cırıq otel" deyilən bir ifadə ilə qarşıma çıxır. Yenə də dostlarına və bundan sonra mövzuya qayıdacaqlara yönəltdiyim və yönəldəcəyim təklifi ona da verirəm. Başqa mövzulara keçməyi məsləhət bilirsinizsə, buyurun. Yaxınlarınızdan orada "zərərçəkmiş" kimsə varsa, hüquq-mühafizə orqanlarına dərhal müraciət etsin. Çünki iddia sizlərə aiddir və isbatlamalısınız. Etməsəniz, bu adı öz üzərinizə götürmüş olursunuz. Şahvələd Çobanoğlu, sənə bu adı heç götürməyə də gərək yox, çünki həmin oteli "Azadlıq" qəzetindəki keçmiş direktorunuz çoxdan yaratmış və bu gün həmin otelin işçisi olmaqdan qürur duyduğunu da bilirəm".

İlkin Pirəli
AzNews.az