Dünya liderlərindən Fransadakı terrora sərt - Reaksiya

14 Noyabr 2015 11:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dünya liderləri Fransada baş verən hadisələri sərt şəkildə qınayaraq, bu dəhşətli günlərdə Fransanın yanında olduqlarını bəyan ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verərək, ölkəmizin terrorizmi qətiyyətlə pislədiyini, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəklədiyimizi bildirib: "Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik".

ABŞ prezidenti Barak Obama Parisdəki hücumları törədənlərin tez bir zamanda cəzalandırılacağını deyib: "Bu hücumlar günahsız vətəndaşları qorxutmaq üçün çirkin bir təşəbbüsdür. Bu, yalnız Fransa xalqına istiqamətlənmiş bir hücum deyil, paylaşdığımız bütün insanlıq və universal dəyərlərə qarşı hücumdur. Fransa xalqını bu hücumlarla qorxuda biləcəklərini düşünənlər yanılır. Bu terroristləri ədalət qarşısına çıxarmaq və xalqlarımızın yaxasını buraxmayan hər cür terror şəbəkəsinin arxasına düşmək üçün Fransa, ümumilikdə dünya xalqları ilə birlikdə bu mübarizə yolunda lazım olan hər şeyi edəcəyik".

Almaniyanın kansleri Angela Merkel Fransada törədilən hücumlara görə hələ də şokda olduqlarını qeyd edib: "Parisdən gələn xəbər və görüntülərdən sonra biz də dərin kədər içərisindəyik. Qəlbim hər bir terror hücumu nəticəsində həyatını itirənlərin yaxınları və Parisdəki bütün insanlarla birlikdədir. Biz həmişə Fransa hökuməti ilə birlikdəyik. Almaniya xalqı Fransa ilə həmrəydir".

İngiltərənin baş naziri David Kameron da "Twitter" hesabında Fransadakı hücumlara görə kədərləndiyini yazıb: "Parisdə törədilən hadisələrə görə çox kədərləndim. Düşüncələrimiz və dualarımız Fransız xalqı ilə birlikdədir. Kömək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Rusiya prezidenti Vladimir Putin də Fransa xalqının yanında olduqlarını bildirib: "Baş vermiş hücumlara görə dərin kədər içərisindəyik. Fransa prezidentinin və xalqının hər zaman yanındayıq".

İtaliyanın baş naziri Matteo Renzi fransız qardaşlarının acısını paylaşdıqlarını deyib: "Parisdəki qurbanlar üçün ağlayırıq. Qəlbindən vurulan Avropa terroristlərə qarşı birgə mübarizə aparmalıdır. Parisdəki mənfur hücumlara görə fransız qardaşlarımızla birlikdəyik".

Kanadanın baş naziri Justin Trudeau Fransadakı terror hadisələri səbəbindən kədərləndiklərini bildirib: "Mən və bütün Kanadalılar ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Kanada bu qaranlıq günlərində Fransa xalqının yanındadır. Fransanın tələb edəcəyi hər cür köməyi etməyə hazırıq. Bu qorxunc və mənasız hərəkətlərin qarşısını almaq üçün beynəlxalq cəmiyyətlə yaxın əməkdaşlıq şəklində işə davam edəcəyik. Dualarımız Fransız xalqı ilə birlikdədir".

BMT-nin baş katibi Pan Gi Mun Fransanın paytaxtı Parisdə yaşanan hücumları qınayıb: "Hücumda ölənlərin yaxınlarına başsağlığı verirəm. Fransa xalqı və hökuməti ilə həmrəylik içindəyik".

Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi də hadisələrlə bağlı bəyanat yayıb: "Parisdəki terror hücumlarını qınayırıq. Dünyanın hər yerində təhlükəsizlik və sabitliyi hədəfləyən bu təhlükəli və dağıdıcı terrora qarşı beynəlxalq cəmiyyətin bir olub daha çox səy göstərməsi lazımdır. Bu hücum heç bir şəkildə insani və əxlaqi dəyərlərlə uyğun deyil".

Qeyd edək ki, dünən axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Sevinc