MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi

14 Noyabr 2015 18:22 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, 15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və həmin dairədən bir neçə namizəd MSK-ya müraciət edərək bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia ediblər və həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvini xahiş ediblər.

Müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və yalnız həmin dairə üzrə 29 saylı seçki məntəqəsi üzrə nəticələrin etibarsız hesab edilməsi üçün əsas yaranıb. Digər məntəqələrlə bağlı edilən şikayət isə öz təsdiqini tapmadığı üçün təmin edilməyib. Beləliklə, 15 saylı Yasamal Birinci Seçki Dairəsində lider namizəd dəyişməyib. Bu dairədə lider namizəd Ülvi Quliyevdir.

Daha sonra 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən namizədliyi qeydə alınan Yaqub Babalı, 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan İlhamiyə Rzayeva və digərlərinin müraciətlərinə baxılıb. Müraciətlər qanunvericiliyə uyğun tərtib edilmədiyi, təqdim olunan sübutlar mötəbər sayılmadığı və əsassız hesab edildiyi üçün təmin olunmayıb.