Cərimələrin artırılmasına qarşı dəyirmi masa

29 Oktyabr 2012 08:30 (UTC+04:00)


Bu gün beynəlxalq təşkilatlar və siyasi partiyaların iştirakı ilə noyabrın 2-də parlamentin plenar iclasında müzakirə olunacaq "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna tətbiq ediləcək cərimə sanksiyalara qarşı dəyirmi masa təşkil ediləcək.

Dəyirmi masa 14:00-da Ümid Partiyasının qərargahında baş tutacaq.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə AzNews.az-a açıqlamasında deyib ki, iclasda parlamentin hüquq siyasəti komitəsi tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa təklif edilən dəyişiklik müzakirə ediləcək: "Qanuna edilən bu cür dəyişiklik düzgün deyil. Sanksiyalar həddən artıq kəskindir.

Bu, əlbəttə ki, 6 ay öncə Rusiya parlamentinin qəbul etdiyi qanunun analoqudur. Azərbaycan şəraitində bunu etmək yolverilməzdir. Hökumət islahatlara getsə, yaxşı olar. Rusiyada bu qanuna dəyişikliyi hakim partiya təklif edib və parlamentdə qəbul edilib. Azərbaycanda isə deputat tərəfindən təklif olunur. Dəyişiklik Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təklif edilsəydi, daha yaxşı olardı".

İlkin Pirəli
AzNews.az