Eyfel qülləsi qaranlığa büründü

15 Noyabr 2015 12:04 (UTC+04:00)

AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, azı 129 insanın ölümü ilə nəticələnən hadisələrdən sonra şəhər hakimiyyəti qüllənin işıqlandırılmasını dayandırıb.

Şəhər hakimiyyəti 13 noyabr gecəsi silsilə terror aktlarında həlak olanların xatirəsini yad etmək məqsədilə belə bir addım atıb.


Terror aktlarından sonra Eyfel qülləsinin sosial şəbəkədə paylaşılan şəkli


Bundan başqa, internetdə və sosial şəbəkələrdə "#JeSuisParis" ("Mən Parisəm") və "#PrayForParis" ("Paris üçün dua et") həştəqləri ilə yazılar paylaşılır.

Terror hadisələrindən sarsılan insanlar "mən insanları görürəm, insanlığı deyil" ("I see humans, but no humanity") kimi yazılarla etirazlarını bildirirlər. Bəziləri isə terroru lənətləyən insanlarların küçəyə axışan şəkillərini paylaşırlar.


Fransada "Carrilon" kafesi ətrafında toplaşan insanlar
Foto: AP

Sonuncu dəfə Eyfel qülləsi bu ilin yanvarında "Charlie Hebdo" hadisələrindən sonra qaranlığa qərq olmuşdu.

Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə azı 129 insanın ölümü ilə nəticələnən terror hadisələri baş verib. Hadisə metroda və stadionun yaxınlığında 2 partlayış, restorana və konsert zalına silahlı hücum şəklində baş verib.

Parisin 10-cu bölgəsindəki "Le Petit Cambodge" adlı restorana küçədən atəş açılıb. Bu hücumla eyni zamanda Parisin şərqindəki 11-ci bölgədə olan "Bataclan" adlı konsert zalına da atəş açılıb. Futbol üzrə Fransa – Almaniya dostluq qarşılaşmasının keçirildiyi "Stade de France"nin yaxınlığında isə iki ayrı partlayış baş verib.

Fransanın prezidenti Fransua Olland terrorçuların ölkədən qaçmaması və başqa terrorçuların ölkəyə daxil olmaması üçün bütün sərhədlərin bağlandığını bildirib. Fransa prezidenti həmçinin ölkədə fövqəladə vəziyyət elan olunduğunu bəyan edib. İkinci Dünya müharibəsindən sonra Fransada ilk dəfədir fövqəladə vəziyyət elan edilir.