İlham Əliyev “Böyük İyirmiliyin” Sammitində çıxış etdi

15 Noyabr 2015 22:32 (UTC+04:00)

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Sonra Azərbaycan Prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar Türkiyə və Fransa xalqlarına başsağlığı verib və bildirib ki, Azərbaycan Türkiyənin və Fransanın yanıdadır.

Daha sonra Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.

Sammit öz işini davam etdirir.

Noyabrın 15-də axşam Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından "Böyük İyirmiliyin" sammitində iştirak edən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə qəbul veriləcək.

Sonra isə Prezident Rəcəb Tayyib Ərdoğanın adından işçi şam yeməyi olacaq.