“Eldar Mahmudovu onlarla maddə ilə ittiham etmək mümkündür...”

16 Noyabr 2015 15:38 (UTC+04:00)

Bu mənada o, həm də dövlətin təhlükəsizlik həyatına bağlı çoxlu informasiyaların daşıyıcısıdır və yəqin ki, "özünəməxsus sığorta tədbirləri"ni də zaman-zaman həyata keçirib.

Bunu açıqlamasında Milli Məclisin (MM) deputatı Zahid Oruc sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun "komandası" adlandıralan və o "komandaya" aid edilən yüksək çinli bir sıra şəxslərin həbsinin fonunda onun niyə indiyə həbs olunmaması məsələsinə aydınlıq gətirərkən bildirib.

"O biri yandan, bu gün açıq-aşkar görünən budur ki, Eldar Mahmudovu Konstitusiyanın, qanunvericiliyin onlarla maddəsi ilə ittiham etmək mümkündür, amma faktiki olaraq ən mühüm məsələlərdən biri həm də korrupsiya yolu ilə əldə olunmuş küllü-miqdarda vəsaitlərdir, burada dövlət büdcəsi əleyhinə keçirilmiş işlər yetərincədir, xüsusilə, Beynəlxalq Bankla harmonik qaydada, birgə həyata keçirilmiş talama əməliyyatlarıdır.

Bu, o, deməkdir ki, məsələ təkcə cəzalandırmada deyil" - deyən millət vəkilinin iddiasına görə, dövlətin ən başlıca funksiyalarından biri də həmin vəsaitlərin geri qaytarılmasının təmin olunmasıdır.

"Ona görə bizlər əsasən malik olduğumuz informasiya kütləsindən çıxış edirik, lakin ümidvaram ki, dövlətin-hakimiyyətin yuxarısında-zirvəsində olan insanlar bütün bu məsələləri çox ehtiyatla düşünürlər və ən düzgün qərarı da verməkdədirlər. Hazırki şərait bir çoxlarını səhf-nəzərlərə sala bilər, amma faktiki olaraq onun bütün hərəkət fəaliyyəti ciddi nəzarət alındadır.

Mənim aləmimdə də ev dustaqlığı hansısa bir islah-əmək düşərgəsindən daha böyük cəza yeridir. Lakin iddia etdiyiniz kimi, bu məsələnin sırf hüquqi müstəviyə, mühakiməyə qaldırılması, məsələyə müəyyən tələblər çərçivəsində yanaşılması və cəza verilməsi məsələləri bunlar hamısı dövlətin digər qurumlarının səlahiyyətindədir.

Bizimsə parlament, millət vəkili olaraq başlıca məqsədimiz bu məsələlərdə dövlətin təhlükəsizliyi əleyhinə vurulmuş zərbələri görərək, qiymətləndirərək, onları mühakimə edərək, lakin irəliyə baxmağı bacarmaqdır.

Cəmiyyət hər gün yeni bir həbsin dalğasında-fonunda ekstaza gəlməli deyil. Çünki ortada hansısa bir səhiyyə təmsilçisinin, ağxalatlı bir həkimin deyil, ölkənin təhlükəsizlik sferasına bağlı olan və kifayət qədər informasiya kütləsi daşıyan insanların mühakiməsidir.

Odur ki, o sferada fəaliyyət göstərən insanları nəzərə alıb, peşəkarları qoruyaraq, MTN-nin Azərbaycanın təhlükəsizliyi adına müqəddəs işi həyata keçirdiyini dərk edərək irəli baxmağı da bacarmalıyıq", - Z.Oruc daha sonra sözlərinə əlavə edib.

Gun.az