Heydər Əliyev adına məktəbin şagird və müəllimləri mükafatlandırıldı – Həştərxanda

16 Noyabr 2015 18:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mərasimdə "Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC - nin sədri Rauf Vəliyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllim, şagird və valideynlər iştirak ediblər.

Tədbirin əvvəlində məktəbin direktoru Tatyana Tixomirova Leyla Əliyevanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Puşkin medalı ilə mükafatlandırılması münasibətilə təbrik edib. O vurğulayıb ki, mükafat Leyla Əliyevaya Rusiya Federasiyası ilə dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələr, iqtisadi münasibətlərin inkişafını, özünü Həştərxan vilayətində xüsusilə büruzə verən, xaricdə rus dili və mədəniyyətinin qorunması və yayılması istiqamətində gördüyü işlər müqabilində təqdim olunub.

Öz çıxışında Rauf Vəliyev Heydər Əliyev Fondu tərəfindən Həştərxanda inşa olunan obyektlər barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adını həyatları boyunca şərəf və ləyaqətlə daşımağı arzulayıb. Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC–nin adından məktəbin direktoru Tatyana Tixomirovaya qiymətli hədiyyə təqdim edib.

Ədalət Hüseynov Nərimanov Rayon İcra Hakimiyyəti adından Heydər Əliyev adına 11N-li məktəbin məzunu, Həştərxan Dövlət Universitetinin tələbəsi Yelizaveta Boqdyuka Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlıq çərçivəsində məktəbli və gənclərin millətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Təşəkkürnamə və dəyərli hədiyyə təqdim edib.

Məktəbin direktoru Tatayna Tixomirova Heydər Əliyev Fondunun mükafatlarını şagird və müəllimlərə təqdim edib.