Yağışlar çaylarda sululuğu kəskin artırıb

29 Oktyabr 2012 09:47 (UTC+04:00)
Oktyabrın 27-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuq kəskin artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, leysan yağışları nəticəsində Lənkərançayın Lənkəranda səviyyəsi 40 sm, Sifidorda 37 sm, Vəşərüçayın Daştatükdə səviyyəsi 54 sm artıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil edir.

Oktyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 145 m3/s, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm ongünlük normanın 113 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2011-ci ildə bu göstərici ongünlük normanın 84 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində də artım müşahidə olunub. Belə ki, Kür çayının səviyyəsi Surra məntəqəsində 10 sm , Şirvanda 1 sm, Araz çayının Novruzlu məntəqəsində 8 sm artıb. Bankə qəsəbəsində suyun səviyyəsi 7 sm azalıb, Salyanda isə dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm, Şirvanda 163 sm, Salyanda 158 sm, Bankədə 192 sm, Araz çayının Novruzlu məntəqəsində isə 98 sm təşkil edir.

Sevinc
AzNews.az