Bazara dönən avtobaza və ya zibillənən Göyçay – FOTOLAR

17 Noyabr 2015 16:33 (UTC+04:00)

Bir qrup göyçaylının adından AzNews.az-a daxil olan məktubda bildirilir ki, Arif Əliyevin yarıtmaz fəaliyyəti Göyçaydakı abadlıq-quruculuq işlərini heçə endirir: "Prezident İlham Əliyevin 27 yanvar 2015-ci il tarixli sərəncamı ilə Göyçay rayonuna İH başçısı təyin edilən Mübariz Ağayevin rayona gəlişi doğrudan da toy-bayrama çevrildi. Rayona gəlişindən dərhal sonra Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçirən Mübariz müəllim məmurlara, rayonda yığılıb qalmış problemlərin həll olunması üçün 6 ay vaxt verib. M. Ağayev rayonda sosial-iqtisadi inkişafın daha da yüksəldilməsi istiqamətində ciddi göstərişlər verməklə yanaşı, ciddi tələblər də irəli sürdü.

Bundan dərhal sonra Göyçayda rayon mərkəzində və ətraf yollarda abadlıq və yenidənqurma işlərinə start verildi. Rayon sözün həqiqi mənasında dəyişməyə başladı.
Amma bu gün rayon mərkəzində elə bir problem qalmaqdadı ki, görünür onun həlli uzun çəkəcək. Söhbət şəhərin mərkəzində az qala üfunət yerinə çevrilmiş "Göyçay Avtonəqliyyat" ASC-dən gedir. Bəziləriniz fikirləşə bilərsiniz ki, avtonəqliyyatın üfunətə nə dəxili var? Amma söhbət ondan gedir ki, Göyçay Avtonəqliyyat" ASC-nin ərazisində çirkab, antisanitariya vəziyyətində olan bir bazar fəaliyyət göstərir. Qanunsuz, heç bir normaya cavab verməyən bir bazar".


Onlar 1999-cu ildə "Göyçay Avtonəqliyyat" ASC-yə çevriləndən sonra baş verən özbaşınalıqlara etirazlarını bildirirlər.

Narazı rayon sakinləri ASC yaradılandan sonra işçilərin qanunsuz olaraq işdən çıxarılmasından, keçmiş avtonəqliyyat müəssisəsində çalışan işçilərə məxsus səhmlərin qanunsuz olaraq onlardan alınmasından, müəssisənin tabeliyində olan nəqliyyat vasitələrinin yeni yaradılan ASC-nin sədri tərəfindən mənimsənilməsindən və ASC-nin qanunsuz olaraq bazar kimi fəaliyyət göstərməsindən narazıdır.

Sakinlər "Göyçay Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyevin fəaliyyətindən və onlara qarşı etdiyi qanunsuz əməllərindən şikayətçidir.

Vaxtı ilə bu avtonəqliyyat müəssisəsi"ndə 600-ə qədər Göyçay sakini çalışıb. İşçilərin dediyinə görə, müəssisənin tabeliyində 400-dən çox avtomobil olub. Orada çalışanların əksəriyyətini rayon sakinlərini təşkil edib. Demək olar ki, hər bir işçinin səhminin olduğu müəssisə 1999-cu il, fevralın 24-də Dövlət Əmlak Nazirliyinin sərəncamı ilə ASC-yə çevrilib. Arif Əliyev isə "Göyçay Avtonəqliyyat" ASC İdarə Heyətinin sədri seçilib.

Onların dediyinə görə, ASC yaradılandan sonra keçmiş avtonəqliyyat müəssisəsinin tərkibində olan avtomobillər Arif Əliyev tərəfindən müxtəlif yollarla mənimsənilib, qalan maşınlar isə yüksək icarə haqqı ilə illərdir müəssisədə çalışan işçilərə verilib. Dərd odur ki, bütün bunlara baxmayaraq rayonun kəndlərinə işləyən avtobuslar yox dərəcəsindədir. Kənd sakinləri rayon mərkəzinə gəlməyə avtobus tapa bilmirlər.

ASC yaradılmazdan əvvəl mövcud olan 400-dən artıq nəqliyyat vasitəsi artıq yoxa çıxıb və yararsız haldadır.

O, maşınların əksəriyyətini Arif Əliyev tərəfindən müəssisədə çalışan şəxslərə verilmədiyini, ucuz qiymətə başqa rayonlara satılıb.

ASC yaradılandan sonra Arif Əliyev müəssisədən şəxsi məqsədləri üçün istifadə edib. İndi isə müəssisə bazar kimi fəaliyyət göstərir. Onun gəlişindən sonra "Göyçay Avtonəqliyyat" ASC bazara dönüb. Rayon sakinləri deyir ki, qeyri-qanuni fəaliyyət göstərən bu bazardan hər gün 2 min manata yaxın gəlir olur. Amma zibilxanaya oxşayan qanunsuz bazarın təmizlənməsinə belə bu puldan qara qəpik ayrılmır. Rayonun mərkəzi küçələrindən olan Nizami küçəsində yarana özbaşınalıq, zibillik, antsnaitariya isə heç kimin vecinə deyil.

Rayon sakini Əli Abbasovun dediyinə görə, Arif Əliyevin əməlləri ilə bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına, Vergilər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa müraciət edilib.

"Bu adam "Göyçay Avtonəqliyyat" ASC-ni girov qoyaraq banklardan külli-miqdarda kredit götürüb. Səhmdarlar isə Əliyevin əməllərindən qan ağlayır. Nə səhmdarların şikayətlərinə baxan var, nə də bu özbaşınalığı durduran. Kredit isə guya rayonda avtonəqliyyatın vəziyyətinin yaxşılaşdırılması üçün alınıb. Amma Göyçayda avtonəqliyyat yoxdur. Bir dənə də olsun istismara yararlı nəqliyyat vasitəsi yoxdur. "Göyçay Avtonəqliyyat" ASC-nin nəyə xidmət etdiyi məlum deyil. ASC olaraq 15 ildir Arif Əliyevin sədrliyi ilə fəaliyyət göstərir, ancaq hər hansı bir müasir texnika ilə təchiz olunmayıb. Gələn gəlirlər hara gedir? Bunların hamısı ciddi şəkildə yoxlanılmalıdır", - deyir rayon sakinləri.

Müraciətlə əlaqədar AzNews.az-ın əməkdaşı avtovağzala baş çəkib.

Həqiqətən də ASC-yə məxsus ərazinin böyük bir hissəsi bazar kimi fəaliyyət göstərir. Göyçay və digər ətraf rayonların kəndlərindən bazara məhsul gətirən kəndlilər səhər saatlarından etibarən burada alış-verişə başlayır.

"Göyçay Avtonəqliyyat" ASC-nin bazar hissəsindən keçib maşınların saxlanıldığı əraziyə baş çəkirik. Buradakı mənzərə də bizə buranın nəqliyyat müəssisəsi olduğunu deməyə əsas vermir. Gördüklərimiz sovet dönəmindən qalmış və öz ömrünü çoxdan başa vurmuş "İkarus", "PAZ", "LAZ", "ZiL" kimi köhnə-külə maşınlardır. Ərazidə 30-a yaxın belə nəqliyyat vasitəsi görmək mümkündür. Onlardan isə sadəcə olaraq bir neçəsi istifadə olunur. Onlar da sürücülərin böyük əməyi hesabına...

Digər rayonlardan gələn avtobuslar da ASC-nin ərazisində dayanır. Bu həm bazara gələnlərə sərf edir, həm də müəssisə rəhbərliyinə. Çünki müəssisənin ərazisinə gələn hər bir avtomobil girişdə 20-30 qəpik yerpulu ödəyir, gələnlər elə bazarlığını buradan edərək geri qayıdır. Batan, zibillənən isə çinarlar yurdudur.

Ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirildiyi və bu sahəyə ona milyon manatlarla vəsaitin ayrıldığı bir zamanda Göyçayda vəziyyətin bu dərəcədə acınacaqlı olması çox təəccüblüdür. Hələ onu demirik ki, Göyçayda sərnişin daşınmasında istifadə edilən bu maşınların Bakıda istifadəsi qadağandır. Düzdür, bu mənzərə demək olar ki, bütün kənd rayonlarında var, ancaq gördüklərimizə əsasən deyə bilərik ki, Göyçayda bu dərd daha böyükdür.

Amma bütün bunlar Arif Əliyevin vecinə deyil. Təki bazar olsun!







Azər
AzNews.az