“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir

17 Noyabr 2015 18:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, proqram çərçivəsində uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyacları qiymətləndirilir, küçə həyatına məruz qalmağın səbəbləri araşdırılır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edilir. Həmin plan əsasında uşaqların psixoloji, hüquqi və s. problemlərinin həlli, təhsilə qayıtması və müvafiq peşəyə yiyələnməsi üçün tədbirlər görülür. Eyni zamanda uşaqların valideynləri və ya yaxın və uzaq qohumlarının axtarışı aparılır, uşaqların ailəsinə qovuşması üçün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu proqram Azercell-in "Ümidli Gələcək" İB ilə birgə əməkdaşlıqda həyata keçirdiyi ilk layihə deyil. 2010-cu ildə uşaq və gənclərə psixoloji və emosional dəstəyin göstərilməsi, onların müxtəlif xidmətlərə yönəldilməsini təmin etmək məqsədilə Azercell-in dəstəyi ilə "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" yaradılıb. "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa, onların problemi ilə əlaqədar istənilən şəxsə sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərmək, uşaqların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, tələb olunduqda isə onları müvafiq sosial xidmətlərə yönəltməkdir.