Milli Şuradan sərt mövqe: “Mirəlioğlu kimlərinsə çaldığı havaya oynayır”

18 Noyabr 2015 11:20 (UTC+04:00)

Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal AzNews.az-a açıqlamasında bildirib ki, Mirəlioğlu ilə Gülalıyevin arasındakı fikir ayrılıqları çoxdan başlayıb: "Mirəlioğlu Gülalıyevə bunu açıq şəkildə bəyan edibsə, demək artıq əsəbləri dözməyib. Milli Şura qurum olaraq ölkədə gedən bütün proseslərə münasibət bildirir. Bunun nəticəsi olaraq da Parlament seçkilərindən imtina etmişdi. Amma Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi partiya və onların təmsil olunduğu "Azadlıq-2015" bloku seçkiyə getdi. Oqtay Gülalıyevlə Mirmahmud Mirəlioğlunun bu mənada baxışları əvvəldən üst-üstə düşmürdü. Haradasa bir toqquşma olmalıydı və oldu da. Biz isə Oqtay bəyin mövqeyinin düzgün olduğunu düşünürük".

V.Mirkamal M.Mirəlioğlunun "Mənim müavinim Milli Şura kimi qurumda təmsil oluna bilməz" fikrinə də münasibət bildirib: "Tamamilə doğrudur. Mirmahmud Mirəlioğlu kimlərinsə çaldığı havaya oynayan adamdır. Oqtay Gülalıyev isə mövqeyi ortada olan şəxsdir. Ona görə də o, M.Mirəlioğlunun müavini ola bilməz".

Qeyd edək ki, KXCP sədri M.Mirəlioğlu O.Gülalıyevi müavinlikdən çıxarıb.

Bahar RÜSTƏMLİ