İŞİD-in məhvinə qol qoymalı olan ölkələr: onlar Parisə necə çatdı? – Təhlil
18 Noyabr 2015 12:05 (UTC+04:00)
Fransa artıq İŞİD-lə mübarizəyə başlayıb. Lakin bu təşkilatın tamamilə məhv edilməsi üçün bütün dünya dövlətlərinin birləşməsi zəruridir.

Bəs İŞİD terror qruplaşmasının yer üzündən tam olaraq silinməsi mümkündürmü? Mümkündürsə, buna neç müddətə nail olmaq olar?
AzNews.az-ın əməkdaşı bu suallarla politoloq Qabil Hüseynliyə müraciət edib. Politoloq məsələ ilə bağlı bir neçə məqama aydınlıq gətirib. O, İŞİD terror təşkilatının yaxın vaxtlarda sıradan çıxarılacağını qeyd edib. Onun sözlərinə görə dünya ölkələrinin İŞİD-ə qarşı olması bu prosesi daha da tezləşdirəcək: "Hesab edirəm ki, İŞİD-ə qarşı bir konsensuz əldə edib onu məhv etmək olar. Çünki bütün dünya İŞİD-ə qarşıdır. Bu terror təşkilatı qabaqlayıcı zərbələrlə sıradan çıxarılsa, onun yeni terror törətmək imkanları olmayacaq. İŞİD-in yalnız adı və xofu var.
Demək olar ki, təşkilatın maliyyə mənbələri və silah ehtiyatları tükənib".

Politoloq bildirib ki, İŞİD-ə qoşulan canlı qüvvələrin sayı yox dərəcəsinə düşüb: "Qardaş ölkə Türkiyə əvvəl onlara qoşulmaq üçün gedən qüvvələrin yolunu kəsmirdi. Amma hazırda təşkilata yeni canlı qüvvələrin gəlişi yox dərcəsindədir. Həmçinin onlara qarşı həm havadan, həm də qurudan ağır silahlı qüvvələr dəstəsinin hücum etməsi təşkilatı zəiflədir. Ölçülüb-biçilib və dəqiq planlaşdırılmış vahid mərkəzdən idarə olunan bir zərbə ilə İŞİD sıralarına pərənlik salmaq olar. Bu zaman ruhi psixoloji cəhətdən sarsılmış İŞİD dağılıb qaçmaqdan başqa yol tapmayacaq. Qaçanların da çoxu tutulacaq. Amma müəyyən üzvləri bu və ya digər yerlərdə gizlənərək xırda terror hadisələri törədə bilər. Bu da elə də qorxulu deyil".
Qabil Hüseynli qeyd edib ki, təşkilatın məhv edilməsi terror hadisələrinin sayının azalması ilə nəticələnəcək: "İŞİD bir çox ölkələri hədələyir. Bu yaxınlarda Albaniyaya məktub göndərərək növbəti hədəflərinin onlar olacağını bildirib. Daha sonra Almaniyaya da hədə-qorxu gəliblər. Eyni zamanda Rusiyadakı meydanda kilsəni partladacaqlarını deyiblər. İŞİD sıxışdırıldıqca, hərbi meydanda məğlubiyyətə uğradıqca özünün ideoloji təsirindən istifadə edərək iradəsi zəif insanları müxtəlif ölkələrə göndərməyə çalışır. Bəzən də buna nail olur. Əgər Avropa təşkilatı qabaqlayıb onu çox tezliklə sıradan çıxara bilərsə, o zaman orada terror aktları demək olar ki, ya səngiyər, ya da heç baş verməyə bilər.
Amma Avropa İŞİD-ə qarşı quru əməliyyatlarını gecikdirərsə bu, baş verməyəcək. Ölkələrin ümumi mübarizəsi başlanılsa, İŞİD o zaman tamamilə mühasirəyə alınmış vəziyyətə salınacaq.
Onu deyə bilərəm ki, çox qısa zamanda İŞİD-i sıradan çıxarmaq mümkündür. Bu da terrorun qarşısını ala bilər. Avropalılar da bu fikirdədir.
Fransa artıq özünün quru və desant qoşunlarını Yaxın Şərqə göndərmək haqda qərar çıxarda bilər.
Türkiyə isə İŞİD-ə qarşı quru əməliyyatlarını aparmaq barədə çoxdan söz vermişdi. Artıq bu prosesə başlamaq niyyətindədir.

Səudiyyə Ərəbistanı da təşkilatı məhv etmək üçün quru qoşunları göndərəcək. Vyana razılaşmasına uyğun olaraq Suriyada atəşkəs elan olunub. Bu atəşkəsdən istifadə edərək həm Suriya azadlıq ordusu, həm də Bəşər Əsədə sadiq olan qüvvələri də İŞİD-ə qarşı mübarizəyə başlayır.
Şimali Kürdüstan Muxtar Vilayətinə məxsus olan peşmərgələr də bu prosesdə aktiv iştirak edir.
Türkiyənin təlim keçdiyi, hazırladığı və sayları 500 nəfərə çatan Türkmən silahlı qüvvələri təşkilata qarşı mübarizədə yaxından iştirak edəcək.
Amerika İraqa yerləşdirdiyi 2000-dən çox desant qoşunlarının da yaxından iştirakı ilə İraq qoşunları artıq təşkilatı tutduğu ərazilərdən bir-bir təmizləyir.
Hesab edirəm ki, İraq qoşunları proseslərdə fəal iştirak edəcək. Amerika başda olmaqla, bütün dünya ölkələri havadan dəstəklə bu qurama, qondarma və İslamın adını gözdən salan qüvvəyə qarşı mübarizə aparacaqlar".
Sevinc Yasinqızı