Əbülfəs Qarayevə qarşı şok iddia

29 Oktyabr 2012 13:55 (UTC+04:00)


Kamil Dadaşov: "Əbülfəs Qarayev, mən ölməmişəm, sağam - bilirsiniz mən Sizə neylərəm?"

"Azərbaycan milli rəqs sənətini dünyada təbliğ edən Kamil Dadaşov elə bil yoxdur. 75 yaşım oldu, biri mənə zəng etmədi. Nə Mədəniyyət və Turizm Nazirliyi, nə canımı qoyduğum dövlət qurumlarının rəhbərləri, nə də cənab Əbülfəs Qarayev. Mən ölməmişəm ay nazir, sağam". Bunu AzNews.az-a əməkdar artist Kamil Dadaşov dedi.

Rəqqasın fikrincə, bu qədər haqsızlığa göz yummaq çətindir: "Adam nə qədər dözər? Prezident Aparatına 7 məktub göndərmişəm. Həmin məktublara görə, məni 2005-ci ildə prezident təqaüdü ilə təltif ediblər. Amma 7 ildir ki, mən o təqaüdü ala bilmirəm. Başa düşə bilmirəm, mən bu məmurlara neyləmişəm? Bunlar məni Azərbaycan milli rəqs sənətini təbliğ etdiyimə, onu yaşatdığıma görə cəzalandırırlar. Bəli, bunu mən qorxmadan deyirəm. Onlardan olsaydı, milli rəqslər elə o vaxtdan itib-batardı. Qoy cənab nazir bilsin ki, mən o təqaüdə görə, hələ bir kəsin qarşısında baş əyməmişəm. Açığını deyim ki, heç əymək də fikrim yoxdur".

K.Dadaşovun sözlərinə görə, Prezident Təqaüdünə görə, Əbülfəs Qarayev şəxsən onu qəbul edib: "Nazir məni qəbul etdi. Dedi ki, "arxayın ol, sizə prezident təqaüdü verəcəyik". Mədəniyyət və Turizm Nazirliyindən səxsən Polad Bülbüloğlunun imzası ilə mənə məktub göndəriblər. Yazıb ki, "uzun müddət foreqrafiya sənətində xidmətlərinizə görə Sizə öz minnətdarlığımızı bildiririk. Nazirliyin təqdimatı üzrə 2005-ci ildən siz Prezident təqaüdünə layiq görülmüsünüz".

Hanı? Nazir də adama yalandan məktub göndərər? Bu sənətkara hörmətsizlik deyilmi? Bu necə bir sərəncamdır ki, hələ qüvvəyə minməyib? Nə vaxt ağzımı açsam deyirlər ki, olacaq. Nə vaxt olacaq? Sizi ələ salsalar yaxşı olar? Mən xalq artisti fəxri adını istəmirəm. O adı goruma aparacam. Mən dövlətin verdiyi pulu istəyirəm. Siz bu pulu mənə cibinizdən vermirsiniz? Bir də ki, Kamil Dadaşov haqqı olanı istəyir. Vermirsinizsə, bunu bəyan edin, biz də işimizi bilək. Siz necə deyə bilərsiniz ki, Kamil Dadaşova təqaüd düşmür? Bilirsiniz mən Sizə neylərəm?"

Bahar Rüstəmli
AzNews.az