Avropa Millətlər Kubokunda prinsipal görüş: Azərbaycan - Ermənistan
29 Oktyabr 2012 12:28 (UTC+04:00)
9-11 noyabrda Moskvada sərbəst, yunan-Roma və qadın güləşçiləri arasında Avropa Millətlər Kuboku keçiriləcək. Qaydalara əsasən, bu yarışlarda qitə çempionatında komanda hesabında 1-6-cı yerləri tutan ölkələr iştirak edə bilərlər.
6-11 martda Serbiya paytaxtı Belqradda təşkil olunmuş qitənin ən güclülərinin rəqabətində "klassik" güləş yığmamız 3-cü, qadın pəhləvanlarımız 4-cü olaraq, sözü gedən sınaqda iştirak hüququ qazanıblar. "Sərbəstlər"imiz bu Avropa çempionatında 8-ci olmuşdu.
Azərbaycan Güləş Federasiyasından AzNews.az-a verilən məlumata görə, artıq heyətlər məlumdur. Xanım güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi ilə Fatimə Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeyva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcəklər. Millimiz Rusiya, İsveçrə, Ukrayna, Polşa və Rumıniya təmsilçiləri ilə qarşılaşacaqlar.
Böyük məşqçi Şaban Donad və məşqçi Turac Hüseynli yunan-Roma güləşçilərin mübarizəsində Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi - 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyevin (120 kq) xidmətindən yararlanacaq. Bu proqramda seçmə komandamız Rusiya, Bolqarıstan, Macarıstan, Ukrayna və Ermənistan bahadırları ilə qurşaq tutacaqlar.
Yarışın hakimlər briqadasında beynəlxalq dərəcəli refirilərimiz Qərib Əliyev və İnitqam Əliyev yer alacaqlar.
Kamran Hacı
AzNews.az