Xalq artistinin nəvəsi intihar etmək istəyir - Bacısı ittihamlara cavab verdi

19 Noyabr 2015 13:56 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, mərhum sənətkar Nuriyyə Əhmədovanın bacısı Maya Həsənova Əməkdar artist Nahidə Orucovanın "Nuriyyənin bacısı onun ürəyini partlatdı" ittihamına münasibətində deyib.

O, bildirib ki, N.Orucova bu açıqlaması ilə Əhmədovlar ailəsini hörmətdən salır: "Hansı bacısı öldürüb? Nuriyyə balalarının dərdindən ölüb. Dünən onun 40 mərasimi idi, 500 adam gəlmişdi. Mərasim başa çatan kimi baxdıq ki, ATV-də anons gedir: "Nuriyyə Əhmədovanı kim öldürdü". Bu gün tezdən kanalda Nahidə bunun müzakirəsini aparacaqdı. Səhər tezdən bacılarımla gəldik kanalın qarşısına. Qardaşlarım da gəlirdi, qoymadıq. Adamın ailəsinə, ölüsünə niyə müdaxilə edirlər? Nuriyyəni niyə hörmətdən salırlar?"

M.Həsənova N.Orucova ilə aralarında yaranan qalmaqalın səbəblərini açıqlayıb: "Bir nəfər Nuriyyənin qəbrinin üstünü düzəltməyi boynuna götürmüşdü. Dedik ki, Nahidə xanım, 40-a az qalıb, qəbr düzəlməlidir. Əgər düzəlmirsə, özümüz yığışıb düzətdirək. Söhbət bundan böyüdü. Nahidə dedi ki, "həmin adamı qəbri düzətdirməyə qoymayacağam".

Mərhumun bacısı N.Orucovanın "Nuriyyə xanım mənim evimdə qalırdı, ona sığınacaq vermişdim" ittihamına da cavab verib. Bildirib ki, Nuriyyə onun evində kirayədə qalıb. M.Həsənova onu da əlavə edib ki, N.Orucovanın bu açıqlaması mərhumun nəvəsi Faiq İbadzadəni intihara sürükləyir: "Faiq dünən gecə gəlib deyir ki, Nahidə Orucova çıxıb danışacaq, mən məktəb uşaqlarından utanıram. Uşaq yazıqdır, gedər özünə bir şey edər. Faiqdən ayıbdır, qalıb ortada, belə getsə özünü kəsəcək, intihar edəcək, Nahidə necə cavab verəcək ondan sonra?"

Qeyd edək ki, Əməkdar artist Nahidə Orucova N.Əhmədovanın ölümü ilə bağlı "Modern.az"a açıqlama verib. O, N.Əhmədovanın ölümündə bacı və qardaşlarını ittiham edib.

Xatırladaq ki, Xalq artisti N.Əhmədova oktyabrın 10-da xəstəxanada ürək tutmasından vəfat edib.

Bahar RÜSTƏMLİ
AzNews.az