“Azərsu”dan evlərə çirkli su verilməsi ilə bağlı – Açıqlama

19 Noyabr 2015 15:34 (UTC+04:00)

"Azərsu"nun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı AzNews.az-a açıqlamasında bildirib ki, dünən axşam saatlarında Nərimanov rayonunun bir hissəsinə (Montin adlanan ərazinin bir hissəsi) bulanıq su verilib: "Hadisə ilə bağlı quruma məlumat daxil olan kimi əraziyə suyun verilişi dayandırılıb. Cəmiyyətin mütəxəssisləri Bakı Sukanal və Nərimanov rayon sukanal idarələrinin əməkdaşları ilə birgə ərazidə olub araşdırma aparıblar.

Məlum olub ki, Ceyranbatan-Binəqədi xəttində əvvəlcədən planlaşdırılmış birləşmə işləri ilə əlaqədar Nərimanov rayonunun bəzi hissələrinə suyun verilişi noyabrı 18-i səhər saatlarından dayandırılıb. Axşam saatlarında əraziyə alternativ istiqamətdən suyun verilişi zamanı borunun ən aşağı hissəsində toplanmış çöküntü müəyən müddətə su təchizatı sisteminə axıb".

Anar Cəbrayıllı qeyd edib ki, hazırda həmin boru yuyulub zərərsizləşdirilir: "Axşam saatlarına qədər bu işlər başa çatacaq və istehlakçılar təmiz su ilə təmin olunacaqlar".

Qeyd edək ki, bu gün mətbuatda Nərimanov rayonunda əhaliyə çirkli suyun verilməsi ilə bağlı video yayılıb. Videodan evlərə verilən suyun palçıqlı olduğu açıq-aşkar görünür.



Sevinc Yasinqızı