Energetika naziri Tehrana gedir

20 Noyabr 2015 21:16 (UTC+04:00)

İranın Azərbaycandakı səfirliyindən AzNews.az-a verilən məlumata görə, N.Əliyev Tehranda keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumu (Gas Exporting Countries Forum - GECF) ölkələrinin dövlət başçılarının sammitində iştirak edəcək.

Məlumata əsasən, Azərbayan energetika nazirinin müavini Natiq Abbasov isə sammit çərçivəsində ekspertlərin iclasında iştirak etmək üçün Tehrana səfər edəcək.

Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 5 müşahidəçi (Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var.

Noyabrın 23-də Tehranda keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumunun sammitində bir sıra ölkələrin, o cümlədən Rusiya, İraq, Venesuela, Nigeriya və Boliviyanın dövlət başçıları iştirak edəcəklər. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycanın energetika naziri N.Əliyev isə tədbirə xüsusi qonaq qismində qatılacaqlar.

Qeyd edək ki, İran və "5+1" ölkələri arasında nüvə sahəsində əldə olunmuş razılıqdan sonra GECF sammiti Tehranda keçiriləcək ilk beynəlxalq iclasdır.