Əli Əhmədov: “İnsanda gərək yüksək optimizm olsun”

29 Oktyabr 2012 13:29 (UTC+04:00)
"Əgər 20 il ərzində irəliləyiş olmayıbsa, o zaman eyni formatda bundan sonra aparılan danışıqların nəticə verəcəyinə nə dərəcədə inana bilərik? Bu inamı ifadə etmək üçün insanda gərək yüksək optimizm olsun".

AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, bütün məqamlar onu göstərir ki, optimizm yoxdur: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin oktyabrın 27-də Parisdə keçirilən görüşü ilə bağlı bəyanat verilib.

Təbii ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınması üçün müxtəlif layihələr həyata keçirirlər, görüşlər təşkil edirlər, tərəflərin mövqeyini yaxınlaşdırmağa çalışırlar. Bütövlükdə bunu yüksək qiymətləndiriəm. Çünki münaqişənin nizama salınması üçün bu addımların atılması vacibdir.

Bu cür addımlar atılmadan tərəflərin mövqeyini yaxınlaşdırmaq və münaqişənin həllinə nail olmaq mümkün deyil. Amma bu, məsələnin yalnız birinci tərəfidir.

Bu məsələnin daha əhəmiyyətli tərəfi isə aparılan bütün danışıqların və keçirilən görüşlərin münaqişənin nizama salınmasına praktik köməklik göstərməsinin vacibliyidir. 20 ildən artıqdır ki, bu münaqişə həll oluna bilmir. Əlbəttə, münaqişə mürəkkəbdir və bunun dərin kökləri var.

Amma 20 il ərzində bir qurum münaqişənin nizama salınması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə və lazımı nəticələr əldə olunmursa, o zaman hesab edirəm ki, ciddi dəyişikliyə ehtiyac var".

Vasif Həsənli
AzNews.az