Maaş ala bilməyənlər ayağa qalxdı - Fotolar

20 Noyabr 2015 23:23 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, 4 aydır əmək haqlarını ala bilməyən fəhlələr tədarükçü şirkətlə müqavilə əsasında pambıq yetişdirən fermerlərlə birgə zavodun qarşısına toplaşıb.

Fermerlər becərdikləri məhsulu zavoda təhvil versələr də bu günə qədər pullarını ala bilmədiklərindən şikayətlənir. Torpaq sahiblərinin sözlərinə görə, zavodun onlara ümumilikdə 100 min manatdan çox borcu var.

Fermerlər tədarükçü şirkətdən pullarını tələb edir

"27 ha pambıq əkmişəm, indiyə qədər 30 min manatlıq pambıq vermişəm. Hal-hazırda zavodun mənə 17 min manat borcu var və indiyə qədər ala bilmirəm. Bir dəfə pul veriblər. 4 min manat. Ondan sonra da pul vermirlər" - deyə fermer İbrahim Məmmədov bildirib

Pullarını ala bilməyən fermerlər vəsait çatışmazlığından növbəti əkin mövsümü üçün məhsul səpininə başlaya bilmədiklərini deyir.

"İndi mən həmin sahəyə taxıl səpməliyəm O taxılın yeri üçün gərək çırpını qırdıram, əkdirəm, malaladam, toxum alam, səpəm, əkdirəm ki, gələn il camaata 30 ton arenda haqqı verə bilim. Taxılı bu gün səpməliyəm. Yanvardan sonra necə səpə bilərəm? Bunlar da deyir ki, hissə-hissə nə vaxtsa verəcəyik. Hələ bir nəticə yoxdur" - deyə fermer Valeh Qarayev bildirib.

Zavodun işçiləri isə deyir ki, bu il emal başlayandan 470 ton mahlıc, 500 tona yaxın çiyid istehsal ediliblər. Amma bu dövr ərzində bir dəfə də olsun əmək haqqı ala bilməyibələr. Zavod rəhbərliyi onlara əmək haqqı əvəzinə yalnız vəd verib.


İstehsal olunmuş mahlıc

"Banklara borcumuz var, dükanlara borcumuz var. Siqaret çəkənəm, mən siqareti də dilənirəm. Mənim kimi burada 500 işçi var. Tratorçusu, xadiməsi, mexaniki - hamı burda dilənir. Bizim davamız odur ki, əmək haqqını versinlər" - deyə zavodda fəhlə işləyən Tofiq Zülfüqarov bildirib

Məsələyə münasibət bildirən zavodun baş mexaniki Habil Əliyevin isə verdiyi məlumata görə, zavod öz hesabına maliyələşmir. Emal müəssisəsi "CTS-Agro" MMC-nin tərkibində fəaliyyət göstərir, vəsait də həmin şirkət tərəfindən verilir.

"Axırıncı dəfə traktorçulara 50% əmək haqqı verilib. Deyirlər olanda verəcəyik" - deyə zavodun baş mexaniki Habil Əliyev bildirib.

Cavabdan mənun qalmayan aksiya iştirakçıları məslələnin hüquqi yolla həll olunması üçün Bərdə rayon prokurorluğuna şikayət etdi. Prokuroluqdan isə onlara məhkəməyə müraciət etmələri tövsiyyə edildi. Pullarını almayanadək fəhlələr işə çıxmayacaqlarını, fermerlər isə 2 gün sonra yenidən aksiyalarını bərpa edəcəklərini bildirdilər.