Dünya mədəniyyətinin paytaxtından - Reportaj (Fotolar)
23 Noyabr 2015 11:20 (UTC+04:00)
2 milyon insanın yaşadığı Vyana Avropa İttifaqının ən böyük 10-cu şəhəridir.
Bir müddət Vyanada olduğumdan belə qənaətə gəldim ki, bu ölkədəki müşahidələrimi, gördüyüm, qarşılaşdığım, şahidi olduğum maraqlı məqamları sizlərlə bölüşüm.
Bu yerdə qısa, maraqlı bir statistikanı nəzərinizə çatdırmaq istəyirəm.
8,6 milyon əhalisi olan Avstriyanın 7,5 milyonunu avstriyalılar təşkil edir. Miqrantların artımı isə burada 1960-cı ildən bəri müşahidə olunur. 1990-cı illərdən sonra isə bu artım xüsusilə nəzər çarpırdı.
Avstriyanın statistika komitəsinin 1 yanvar 2015-ci il tarixli rəsmi məlumatına əsasən ölkə ərazisindəki miqrantların sayı 1 milyon 150 minə yaxın olub. Bu isə Avstriyanın ümumi əhalisinin 13,3 faizi deməkdir. Həmin tarixli statistikaya əsasən Avstriyada yaşayan azərbaycanlıların sayı 1090 nəfər, paytaxt Vyanada yaşayan azərbaycan vətəndaşlarının sayı 413 nəfərdir.
2-ci dünya müharibəsindən bu yana Avstriya öz tarixi memarlıq abidələrini qoruya bilib. Qədim tarixi memarlıq üslubunu hələ də özündə saxlayan saraylar, kilsələr, universitetlər və digər abidələr gözəlliyi ilə insanı valeh edir.
Vyanada hər gün demək olar ki, dünyanın müxtəlif ölkələrindən olan çoxlu sayda insanlarla üz-üzə gəlirsən. İnsanda elə təəsürat yaranır ki, buranın yerli əhalisi elə gəlmə insanlardan təşkil olunub. Belə ki, Vyana dünyanın multikultural şəhərlərindəndir. Avropanın digər şəhərləri kimi Vyana da müharibənin dəhşətlərindən, öz ölkələrində dözülməz şəraitdən canların zorla qurtarıb bura pənah gətirən qaçqınlara qucaq açır, onlara dəstək olur.
Qeyd etdiyim kimi yerli əhali olduqca azdır. Yerli əhalidən sonra türklər demək olar ki, əsas iş sahələrinə nəzarəti ələ almağı bacarıblar. Uzun müddətdir buraya pənah gətirən, uzun müddətdir burada yaşayan türklər Avstriyanı ikinci vətən hesab edirlər.
Otel, Restoran və digər bu kimi biznes sahələrində liderlik türklərə məxsusdur.
Türklərin yaşadığı məhəllədən yazmaq növbəti reportajımızın mövzusu olduğundan keçək Vyananın nəqliyyatı ilə bağlı maraqlı məqamlara.
Cəmi 48 avroya bir ay bütün nəqliyyatdan istifadə imkanı
Şəhərə daxil olan andan ilk olaraq diqqəti cəlb edən şəhər nəqliyyatının olduqca rahat qurulmasıdır. İnsanların vaxtında və rahat şəkildə mənzil başına çatmalarının təmin edilməsində dəmiryol nəqliyyatı mühüm rol oynayır. Burada hələ də küçələrin ortası ilə şütüyən tramvaylar fəaliyyət göstərir. Diqqət cəlb edən ən maraqlı görüntülərdən biri də qəsəbələrarası Qatar dayancaqlarında insanların soyuqda qalmamaları üçün şüşə ilə əhatə olunmuş kabinlərin mövcudluğudur. Baxmayaraq ki, Vyanada qış elə də sərt keçmir. Burada demək olar ki, nə varsa insanların rahatlağına hesablanıb.
Qatarların, tramvayların və avtobusların fəaliyyəti elə tənzimlənir ki, dayanacaqlarda asılmış cədvəllərdəki qrafiq üzrə bir dəqiqə belə gecikmədən ictimai nəqliyyat hərəkət edir. Uzun müddətdir etdiyim müşahidələrimə əsasən, bir dəfə də rast gəlmədim ki, kimsə nəqliyyat kartı olmadan avtobus, qatar və ya tramvaydan istifadə etsin. Belə ki, bu nəqliyyat vasitələrinə daxil olarkən heç kimdən nəqliyyat kartı tələb olunmur. Dayanacaqlarda, metro stansiyalarında avtomatlar quraşdırılıb ki, insanlar ödəniş etməklə saatlıq, günlük, aylıq hətta illik nəqliyyat kartı ala bilsinlər.
Hərdən nəqliyyat polisi sui- istifadə hallarının qarşısını almaq üçün yoxlamalar keçirir. Əgər kimsə kartsız nəqliyyata daxil olursa, müəyyən cərimələr tətbiq edilir.
Nəqliyyata giriş tamamilə açıqdır, heç bir məhdudiyyət yoxdur. Burada demək olar ki, bütün infrastruktur insanların rahatlığının təmin edilməsinə xidmət edir. Xüsusən həftənin bazar, bayram və məktəblilərin tətil günlərində 14 yaşına qədər şəxslər isə nəqliyyatdan pulsuz istifadə etmək imkanına malikdirlər.
Fiziki məhdudiyyətli insanlar üçün baryersiz imkanlar
Fiziki məhdudiyyətli insanlar heç bir problem olmadan ictimai nəqliyyatdan rahat şəkildə istidafə edə bilirlər. Çünki, burada cəmiyyətin bütün təbəqələrindən olan insanların imkanları və ya məhdud imkanları nəzərə alınıb. Bütün yeraltı keçidlərdə, metro və regional qatar stansiyalarında fiziki məhdudiyyətli insanların bu nəqliyyatdan rahat istifadə edə bilmələri üçün pulsuz liftlər quraşdırılıb. Vyananın nə mərkəz, nə də kənar küçələrində hündür bardurlara rast gəlmək mümkün deyil. Bütün nəqliyyat vasitələri 24 saat fasiləsiz olaraq Vyana əhalisinin və turistlərin xidmətindədir.
Meşənin ortasında pulsuz istirahət məkanı
Donau çayının sahilində yerləşən "Donauştadbrüke" metro stansiyası ərazisindəki parklar nəinki həftəsonu, hətta günün istənilən zamanında sakinlərin istirahətlərini rahat şəkildə keçirmələri üçün müxtəlif təchizatlarla təmin olunub. Kabab bişirmək və ya "piknik" etmək üçün daş manqaldan tutmuş səliqəli skamyalara, hətta ayaqyolu və duşa qədər hər şey burada pulsuzdur. Həmçinin, meşədə elektrik enerjisindən istifadə üçün şitlər quraşdırılıb.
Meşənin ortasında belə səliqəli zibil qablarının qoyulması və hər gün onların yenilənməsi ərazinin təmizliyinə xüsusi diqqətin göstəricisidir. İnsanlar həftəsonu meşə və parklarda istirahətə çox önəm verirlər. Qeyd etdiyim ərazidə həftə sonları demək olar ki, boş yerlər tapmaq çətin məsələdir. Geniş yaşıllıq zolağının ortasından müxtəlif istiqamətlərə uzanan təmiz asfalt örtüyü velosiped sürənlərin işinə çox yarayır.
Velosipeddən söz düşmüşkən onu da qeyd edim ki, əksər Avropa ölkələrində olduğu kimi Vyanada da velosiped insanların köməyinə çatan əsas nəqliyyat vasitəsi hesab olunur. Yaxın və uzaq məsafələri qət edib bir çox işlərini həll etmək üçün velospied insanlara yardım edir.
Vyanada qəzetçilik
Avstriya mətbuatı azad və demokratik prinsiplərə əsaslansa da, başlıca meyar milli maraqlardır. Ölkənin ikinci böyük oxucu kütləsinə malik çap mətbuatı hesab olunan "Heute" nəşri gündəlik bir milyondan çox oxucunu informasiya ilə təmin edir. Özlərinin yazdıqlarına görə, bu nəşrin yaradcısı fəaliyyətə başlayandan 15 ay sonra böyük məbləğdə gəlir götürməyə başlayıb.
Hər gün səhər tezdən insanların daha çox olduğu məkanlarda- metro stansiyalarında, avtobus, tramvay dayanacaqlarında, universitetlərin, məktəblərin, bəzi dükanların qarşısında və ticarət mərkəzlərinin içərisində qoyulan dəmir qutular çoxlu sayda qəzetlərlə təmin olunur ki, bu da oxucuların qəzeti heç bir ödəniş etmədən əldə etmələrinə imkan yaradır. Bununla da oxucular bu ölkədə baş verən gündəlik siyasi, iqtisadi prosesləri, mədəniyyət, idman və başqa sferalardakı xəbərləri izləmək imkanı əldə etmiş olurlar.
Qəzetlərin büdcəsini reklam gəlirləri formalaşdırır. Qəzetçilik sistemi elə qurulub ki, şirkətlər özləri nəşrin geniş oxucu kütləsinə malik olduğunu dərk etdiyindən reklam yerləşdirməkdə maraqlı olurlar. Beləliklə, çap mediasının işində heç bir çətinlik yaranmır. Bundan əlavə yerli televiziyalar oxucu kütləsi qazanmaq üçün opertiv xəbər çatdırmaqla yanaşı analitik verilişlərin hazırlanmasına üstünlük verirlər.
Ardı var…
P.S. Növbəti yazıda sizləri 14-cü əsrdə yaradılan və bu gün demək olar bütün dünyadan olan tələbələri özündə birləşdirən elm mərkəzi, tarixi Vyana Universiteti ilə tanış edəcəyik.