Azərbaycan, Türkiyə və İran üçün böyük təhlükə

30 Oktyabr 2012 05:33 (UTC+04:00)


"Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında qəza baş verəcəyi təqdirdə Azərbaycan, Türkiyə və İran ən çox ziyan görəcək ölkələr olacaq". "Hürriyət" qəzetinin yazdığına görə, bunu "Avrasiya" Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, doktor Hatəm Cabbarlı bildirib.

Ekspertin fikrincə, AES-in bağlanması üçün Türkiyə və Avropada müəyyən tədbirlərin həyata keçirilməsi nəticəsiz qalmayacaq: "Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşası başlayan zaman Gürcüstanda ətraf mühiti qoruyanlar mitinqlər keçirdilər və bölgədə yaşayanlar üçün təzmanat tələb etdilər. Türkiyə de belə etiraz aksiyaları keçirmək hüququna malikdir".

Bu sahədə ekspert olan Nuran Yücənin sözlərinə görə isə,
təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq AES-də qəza riski çox yüksəkdir: "AES-lərə istədiyiniz qədər "təhlükəsizdir" deyə bilərsiniz. Ancaq bu stansiyaların təhlükəsizlik tədbirləri böyük maliyyə vəsaiti tələb edir. Şirkətlər də bu maliyyəni qarşılamaqda çətinlik çəkirlər. Metsamor ömrünü başa vurduğu üçün təhlükə daha böyükdür".

Rəsmi Ankara da AES-in ömrünün daha 10 il uzadılması ilə bağlı narahatlıqlarını ifadə edib. Rəsmi səviyyədə Ermənistana AES-i ya bağlamaq, ya da tamamilə yeniləşdirmək tələbi irəli sürülsə də, Ermənistan hələlik bu tələblərə münasibət açıqlamayıb.

Elnarə Əlosmanqızı
AzNews.az