“Əhmədinejad bəzi nöqsanlarını qəbul etdi”

30 Oktyabr 2012 05:39 (UTC+04:00)
İran parlamentinin mühafizəkarlar fraksiyasının bir qrup üzvü ölkə prezidenti Mahmud Əhmədinejadla görüşüb. APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə həmin görüşün iştirakçısı, deputat Hüseyn Əli Hacı Dəliqani açıqlama verib. Onun sözlərinə görə, görüşdə mühafizəkarlar fraksiyasının 9 üzvü iştirak edib: "Onlar açıq şəkildə prezidentin nöqsanlarını bir-bir saydılar.

M. Əhmədinejad da bunu xoş qarşıladı və bəzi nöqsanlarını, səhvlərini qəbul etdi. Prezident bir sıra problemlərin düşmənlər tərəfindən yaradıldığını deyərək, onların qarşısını almağın labüd olduğunu vurğuladı. Eyni zamanda M. Əhmədinejad hökumətin ölkənin iqtisadi problemlərini həll etməyə ciddi cəhdlə çalışdığını söylədi. Hətta prezident onun parlamentdə dindirilməsi üçün deputatların imza toplamasından da narahat deyil. Əksinə, M. Əhmədinejad bu addımı bir sıra məsələləri ifşa etmək üçün fürsət olaraq qiymətləndirdi".

H. Ə. Dəliqani əlavə edib ki, M.Əhmədinejadın parlamentdə dindirilməsi prezidentlə deputatlar arasında qarşıdurmaya səbəb ola bilər: "Belə bir vəziyyət isə İranın ali dini lideri, ayətullah Əli Xamneyinin tövsiyəsi ilə ziddiyyət təşkil edir. Çünki ayətullah Xamneyi çıxışlarında deyib ki, hakimiyyətdaxili məsələləri ictimaiyyətə çıxarmadan həll edin.

Deputat Qulaməli Həddad Adilin məsləhəti ilə artıq 40-a yaxın deputat peşman olaraq prezidentin dindirilməsi üçün atdığı imzasını geri götürüb". Qeyd edək ki, İran deputatları ilə prezidentin görüşməsi mətbuata qapalı keçirilib.

AzNews.az