“Bu, ölkələrarası münasibətlərin inkişafında mühüm amildir” – İlham Əliyev

25 Noyabr 2015 15:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dana Reizniece-Ozola Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Səfərdə onu Latviyanın müxtəlif sektorlar üzrə, o cümlədən informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdən olan 30 biznesmenin müşayiət etdiyini vurğulayan nazir ölkəsinin iş adamlarının Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin dostluq münasibətlərinə əsaslandığını deyib. Latviya Prezidenti ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bunu ölkələrarası münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirib. Azərbaycan-Latviya əlaqələrinin genişləndirilməsində ölkələrimizin müxtəlif strukturları arasında sıx qarşılıqlı fəaliyyətin önəmini qeyd edən dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın xüsusi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozolanın ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu deyib.

Dövlət başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.