ABŞ Ukraynadakı seçkilərə mənfi qiymət verdi

30 Oktyabr 2012 07:12 (UTC+04:00)
ABŞ Dövlət Departamenti Ukraynada keçirilmiş parlament seçkiləri ilə bağlı narahatlığını ifadə edib. APA-nın "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner son parlament seçkilərini 2010-cu ildə keçirilmiş prezident və bundan əvvəlki parlament seçkilərində əldə edilmiş tərəqqidən geri dönmək kimi qiymətləndirib: "Biz beynəlxalq müşahidəçilərin ilkin rəyində səsləndirilən narahatlığı bölüşürük.

Səsvermənin ümumən sülh şəraitində keçməsinə, prosesi çoxlu sayda yerli və beynəlxalq müşahidəçinin izləməsinə baxmayaraq, biz səsvermə zamanı yol verilən saxtakarlıqlardan, MSK-nın və paralel hesablamaların uyğunsuzluğu və seçki məntəqələrinin nəticələrinin elan olunmamasından narahatıq.

Eyni zamanda, biz təkrarlamaq istəyirik ki, keçmiş baş nazir Yuliya Timoşenko da daxil olmaqla, müxalifət liderlərinin prosesdə iştirakını əngəlləyən siyasi motivli məhkəmə hökmlərindən dərin narahatlıq keçiririk.

Biz Ukrayna hökumətini siyasi opponentlərini təqib etməyə son qoymağa çağırırıq. ABŞ Ukrayna xalqının demokratik, çiçəklənən Ukraynada yaşamaq arzusunu dəstəkləməyə davam edəcək. Təəssüf edirik ki, son seçki Ukraynanı bu məqsədə yaxınlaşdırmayıb".

AzNews.az