Prezidentdən bəstəkarın100 illik yubileyinin keçirilməsi ilə bağlı - Sərəncam

25 Noyabr 2015 19:03 (UTC+04:00)

2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.

Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın "Cücələrim" əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.